Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi üzrə operator) 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR-a blokdan hasil olunan 1,97 mlrd. kubmetr səmt qazı verib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 27,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Yanvar-sentyabr ayları ərzində biz SOCAR-a sutkada təxminən 7,2 mln. kubmetr səmt qazı tədarük etmişik. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, – deyə ABƏŞ-dən vurğulanıb.
Daha əvvəl energetika nazirinə istinadən bildirilib ki, 2016-cı ildə AÇG yataqlar blokundan 12,9 mlrd. kubmetr səmt qazının hasil olunacağı gözlənilir.
Energetika Nazirliyinin məlumatına görə, 2015-ci ildə blokdan 12,3 mlrd. kubmetr səmt qazı hasil olunub.
Ötən il ABƏŞ SOCAR-a 3,2 mlrd. kubmetr səmt qazı tədarük edib.