Proqnozlara əsasən, ölkədə yalnız 2019-cu ildə benzin istehsalı 2016-cı il səviyyəsində gözlənilir
Azərbaycan hökuməti 2017-ci ildə avtomobil benzininin istehsalını 1 mln. 275 min ton səviyyəsində proqnozlaşdırır, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, cari il ölkədə avtomobil benzini istehsalı 1 mln. 320 min ton təşkil edəcək, bu da 2015-ci ilin yekunları üzrə göstəricidən 7,8% çoxdur.
2018-ci ildən başlayaraq, Azərbaycanda avtomobil benzininin illik istehsal həcmi artaraq 2018-ci ildə 1 mln. 300 min ton, 2019-cu ildə 1 mln. 325 min ton, 2020-ci ildə 1 mln. 453,3 min ton təşkil edəcək.
Hökumətin qiymətləndirmələrinə görə, 2017-ci ildə Azərbaycanda 2 mln. 154 min ton həcmində dizel yanacağı istehsal olunacaq, bu da 2016-cı ilin göstəricisindən 7,1% çoxdur.
Cari ilin yekunları üzrə hökumət dizel yanacağı istehsalını 2 mln. 11,8 min ton həcmində proqnozlaşdırır.
2018-ci ildə ölkədə dizel yanacağının istehsalı 2 mln. 185,5 min ton, 2019-cu ildə 2 mln. 12,1 min ton, 2020-ci ildə 2 mln. 372,7 min ton həcmində proqnozlaşdıırılır.
2015-ci ildə Azərbaycanda 1 mln. 223,9 min ton avtomobil benzini və 2 mln. 53,4 min ton dizel yanacağı istehsal olunub.