Noyabrın 24-25-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ekspert komitəsinin daha bir görüşünün keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Butarfe deyib. Nazir OPEC-in bu il noyabrın 30-da Vyanada keçiriləcək sammitində hasilat kvotalarını təsdiqləyəcəyini də bildirib.
Qeyd edək ki, ekspert komitəsinin ilk iclası bu gün və sabah Vyanada keçiriləcək. İclasda 12 qeyri-OPEC ölkəsinin iştirakı da nəzərdə tutulur. Həmçinin neft hasil edən ölkələrin hasilat kvotalarının müəyyən edilməsi planlaşdırılır. İclasda Azərbaycan da təmsil olunacaq.