SAP ERP sisteminin insan resurslarının idarə edilməsi modulu olan SAP HR-ın istifadəsinin genişləndirilməsinə dair “Azneft“ İstehsalat Birliyində iclas keçirilib.
Caspian Barrel SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti, Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, eləcə də Birliyin rəhbərliyi və SAP proqramının koordinatorları iştirak ediblər.
“Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov layihənin məqsəd və əhəmiyyətindən ətraflı bəhs etmiş, son illər innovativ sistemlərin yaradılması, beynəlxalq standartların tətbiqi istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğulayıb İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli SOCAR-da insan resurslarının idarəedilməsi sahəsi üzrə görülən işlərdən danışıb, layihənin məhz “Azneft” İB-də başlanılmasını qeyd edib. Bildirilibki, layihənin əsas məqsədlərindən biri insan resursları sahəsində müxtəlif yanaşmaların peşəkar sintezini həyata keçirib, şirkət üzrə bu sahədə vahid yanaşmaya nail olmaqdır. Bu proseslərin avtomatlaşdırılmış şəkildə sistem vasitəsi ilə həyata keçirilməsi operativlik və obyektivlik baxımından böyük önəm kəsb edir.
Müzakirələr zamanı SAP proqramının HR modulunun pilot idarələr kimi “28 MAY” və Ə.C.Əmirov adına Neft və Qazçıxarma idarələrində tətbiqi haqqında ümumi məlumat verilmiş, modulun əhəmiyyətindən danışılıb. Birlik üzrə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədi daşıyan SAP ERP sisteminin HR modulu isə neft-qaz sektorunda çalışan işçilərin peşəkarlığının artırılmasına, həmçinin daha istedadlı və bacarıqlı gənc kadrların cəlb olunmasına xidmət edir.
Qeyd olunub ki, yeniliklərdə əsas məqsəd təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərə cəlb olunan işçilər üçün seminarların məqsədyönlüyünə nail olmaqdır. İclasda SAP ERP sisteminin modullarının məhsuldar istismarı, modullar üzrə yeniliklərin tədrisi ilə əlaqədar təlimlərin keçirilməsi qərara alınıb, aidiyyəti mütəxəssislərə SAP ERP sisteminin uğurlu tətbiqi barədə müvafiq tapşırıqlar verilib.
SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov layihə ilə bağlı görülən işləri yüksək qiymətləndirib, layihənin effektiv həyata keçirilməsi üçün iştirakçıları bir biri ilə sıx əməkdaşlıq etməyə çağırıb. Vitse-prezident SOCAR-ın strateji hədəflərə çatması üçün layihə çərçivəsində istehsalat ilə insan resurslarının qarşılıqlı sintezinin əhəmiyyətli olduğunu vurğulayıb, layihə ilə bağlı tövsiyələrini verib.