Türkiyədə ABŞ dollarının məzənnəsi 3,10 TRY/USD həddini də keçərək yeni tarixi rekord müəyyənləşdirib. “Report” xəbər verir ki, buna səbəb qlobal maliyyə bazarlarında ABŞ Federal Ehtiyat Sisteminin (FES) ilin sonuna qədər uçot dərəcəsini artırmağa hazırlaşması və inkişaf etməkdə olan ölkələr qrupuna aid Türkiyədən kapital axınının güclənməsi amilləri olub. Türkiyənin aid olduğu regionda hərbi-siyasi gərginliyin davam etməsi və İraqla yaranmış problemlər də türk lirəsinin məzənnəsinə mənfi təsir göstərir.
Dolların məzənnəsinin güclənməsi İstanbul Fond Birjası indeksini də aşağı salıb. Hazırda əsas fond birjası indeksi olan BİST-100 daha 0,56% azalaraq 77 000 bənd səviyyəsinə kimi geriləyib.
“Report”un analitik qrupu BİST-100-ün kəskin azalma trendinə daxil olacağını və TRY/USD məzənnəsinin qısa zaman ərzində 3,20 səviyyəsinə, ilin sonuna qədər isə hətta 3,30-a çatacağını proqnozlaşdırır. Hazırda isə dolların məzənnəsi 3,1036 TRY/USD-yə bərabərdir.