Bu gün Azərbaycan Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 May” adına Neft Qaz Çıxarma İdarəsinin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən alçaq təzyiqdə qaz sızması baş verib və açıq fontana çevrilib.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.
Hazırda özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bundan öncə “Günəşli” yatağında 30 nəfər neftçinin həyatı bahasına başa gələn qəza 2015-ci il dekabrın 4-də baş vermişdi. O zaman da hadisə məhz özülə gələn boru xəttində qaz sızması nəticəsində səbəb olmuşdu (düzdür, burada klimatik faktorun da rolu olmuşdu – güclü külək borunu dirəkdən ayırmış və nəticədə sızma yaranmışdı).