Qlobal siyasətdə sürətlə cərəyan edən proseslər və bütün bunların regionun geosiyasi mənzərəsinə fəal təsiri fonunda avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq. Yeni dünya nizamının formalaşdığı mürəkkəb dövrdə Azərbaycan üçtərəfli formatda belə bir əhəmiyyətli görüşün ev sahibi kimi yenidən dünyanın diqqət mərkəzində olacaq.
İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonrakı dövrə təsadüf edən bu görüşün qlobal enerji və kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi bütün dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycanda keçirilməsi regionda yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına təkan verəcək.
İran üzərindəki sanksiyaların ləğvindən sonra üç ölkə arasında yaranmış yeni münasibətlər mühiti, ilk növbədə, enerji sahəsində işbirliyi üçün zəngin perspektivlər yaradır. Regionda müstəqil enerji siyasəti həyata keçirən Azərbaycan İran və Rusiyanın bu sahədə maraqlarını uzlaşdırmaqla avqust görüşünü enerji əməkdaşlığına zəngin töhfə verəcək platformaya çevirə bilər. Yanacaq-enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci bölgəsinə – Xəzər hövzəsinə aid bu üç ölkənin enerji sahəsində müştərək həyata keçirəcəyi layihələr kimi Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi, həmçinin Rusiya və başqa Xəzəryanı dövlətlərdən təbii qazın nəqli dəhlizlərinin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı görüşündə ölkə rəhbərlərinin qətiyyətli mövqeyi isə bu layihələrin reallaşmasını sürətləndirə bilər.
Şimal-Cənub enerji dəhlizinin yaradılması ideyasının uzun müddətdən bəri gündəmdə olduğu məlumdur. 25 aprel 2014-cü il tarixində MDB-nin Energetika Şurasının Bakı şəhərində keçirilmiş iclası zamanı Azərbaycan, Rusiya və İran nümayəndələri arasında aparılan danışıqlarda üc ölkə arasında elektrik şəbəkələrinin birləşdirilməsi məsələsi də müzakirə edilmişdir. Müzakirələrdə Rusiya tərəfi bu işləri koordinasiya edəcək institutun müəyyənləşdirilməsi, texniki tapşırıq və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması, daha sonra isə siyasi qərar verilməsi üçün layihənin hökumətlərə təqdim olunması mövqeyindən çıxış etmişdir. Bu layihədən ildə 600-700 Mvt gücündə enerji əldə etmək imkanı qazanacaq İran tərəfi isə hər üç ölkə arasında əvvəl kiçik, sonra isə daha böyük miqyaslı elektrik enerjisi mübadiləsinin aparılmasını və enerji sistemlərinin sinxronlaşdırılmasını məqsədəuyğun hesab etmişdir.
Hazırda Azərbaycan-Rusiya-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlərin yerinə yetirilməsi məqsədilə üçtərəfli İşçi Qrupunun işinin bərpası istiqamətində müzakirələr aparılır. İranın enerji sisteminin Ermənistanın enerji sistemi ilə sinxron fəaliyyətdə olduğunu nəzərə alaraq, İran-Rusiya-Azərbaycan enerji sistemlərinin paralel iş rejiminə keçirilməsi üçün texniki problemlərin öyrənilməsi üzrə üçtərəfli qaydada araşdırmalar davam etdirilməkdədir. Son Bakı görüşündə Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin birləşdirilməsi yolları təhlil edilərək, ilkin Texniki Tapşırığın və “Yol xəritəsi”nin hazırlanması qərara alınmışdır.
Nəhayət, ötən ilin 21-23 dekabr tarixlərində Tehranda keçirilən Azərbaycan və İran arasında Dövlətlərarası Müştərək Komissiyanın 10-cu iclası çərçivəsində üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin optimal variantının seçilməsi məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair razılıq əldə olunmuşdur. Üçtərəfli Bakı görüşünün protokolu İran tərəfindən imzalandıqdan sonra daha bir üçtərəfli görüşün Moskvada keçirilməsinə qərar verilmişdir.
Prezidentlərin avqust görüşü bu məsələ ilə bağlı açıq qalan bütün sualların aydınlaşdırılması, konkret nəticələrin əldə olunması və prosesin tez bir zamanda yekunlaşması üçün böyük perspektivlər vəd edir. Çünki Azərbaycan öz enerji sistemini İran və Rusiyanın enerji sistemlərinə birləşdirmək üçün texniki cəhətdən tam hazırdır. Bu inteqrasiyanı təmin edəcək Dərbənd-Yaşma EÖX (elektrik ötürücü xətt) və İmişli-Parsabad EÖX üçün lazım olan güclü istehsal obyektləri mövcuddur. Hazırda Azərbaycan və İranın energetika sistemləri arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz HEVX vasitəsilə həyata keçirilir.
Araz çayı üzərində inşa edilməkdə olan “Xudafərin” (gücü 100+100 MVt) və “Qız Qalası” (gücü 40+40 MVt) SES-lərinin hər iki ölkə üçün ildə 820 mln.kVts. (2 x 410 mln. kVts.) elektrik enerjisi istehsal etməsi proqnozlaşdırılır. Bu stansiyaların tikintisi 2008-ci ildən başlayaraq müxtəlif yüksək səviyyəli müzakirələrin predmeti olsa da, məsələnin reallaşmasına doğru həlledici addım bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri zamanı atılmışdır. Səfər zamanı Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasında Araz çayı üzərində hər birinin gücü 40 MVt olan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulmuşdur ki, bu layihə tərəflərin hər birində əlavə 100 milyon kVt saat elektrik enerjisinin istehsalına şərait yaradacaqdır.
Elektroenergetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər bir-birinin enerji sisteminə verilməsi planlaşdırılan elektrik enerjisinin həcmini, qiymətini və müddətini müəyyənləşdirmiş, 330 kV-luq “Muğan” (“İmişli-Parsabad”) dövlətlərarası elektrik verilişi xəttinin istismara verilməsi üçün bütün lazımi tədbirlərin yerinə yetirilməsindən ötrü müvafiq işlərin görülməsi razılaşdırılmışdır.
Bir sözlə, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər bir çox sahələr kimi, enerji sektorunda da əhəmiyyətli qərarların verilməsinə, uzunmüddətli inkişafa, regionun təhlükəsizliyinə xidmət edəcək layihələrin həyata keçirilməsinə imkan yaradır. Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması üçün zəruru texniki və siyasi vəziyyət qənaətbəxşdir və üçtərəfli Bakı görüşü regional təhlükəsizliyin qorunmasına təminat verəcək bu variantın seçilməsində də həlledici ola bilər. Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının üstünlükləri təkcə Azərbaycanın iki qonşu ölkə arasında körpü rolunu oynaması, elektrik enerjisinin tranziti, digər ölkələrlə enerji mübadiləsi, yeni elektrik enerjisi bazarlarının yaranmasını şərtləndirməklə məhdudlaşmır. Bu prosesin tezləşdirilməsi Ermənistanın yer aldığı digər variantın əngəllənməsi baxımından da mühümdür. Belə ki, 13 aprel 2016-cı ildə Yerevanda “Şimal-Cənub” elektrik enerjisi dəhlizi ilə bağlı İran, Rusiya, Gürcüstan və Ermənistan arasında dördtərəfli iclas keçirilmiş, dörd ölkənin enerji şəbəkələrinin birləşdirilməsinə hazırlıq üzrə “Yol xəritəsi” və Anlaşma Memorandumu imzalanmış, bu prosesin 2018-ci ildə yekunlaşacağına inam ifadə edilmişdir.
Elə Rusiya Federasiyasının Energetika Nazirliyindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş “Rusiya və İran elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki iqtisadi əsaslandırılmasının işlənməsi üzrə Texniki Tapşırıqlar” layihəsindən də aydın olur ki, hazırda Rusiya və İranın enerji sistemlərinin birləşdirilməsinin müxtəlif variantlarının texniki və iqtisadi aspektləri öyrənilir və tədqiq edilən 4 istiqamət arasında Rusiya-Azərbaycan-İranla yanaşı, Rusiya-Gürcüstan-Ermənistan-İran istiqaməti də vardır.
Həmin ölkələrin enerji sistemlərinin Azərbaycan enerji sisteminə rejim təsirləri yaradacağı ehtimalı Azərbaycan və Rusiya arasında elektrik enerjisi dəhlizinin potensialının gücləndirilməsini zəruriləşdirir. Rusiya və Azərbaycan enerji sistemləri arasında mövcud olan 330 kV-luq xəttə paralel olaraq, müvafiq dövlət proqramlarında nəzərdə tutulan ikinci 330 kV-luq elektrik verilişi xəttinin və Gürcüstanla Azərbaycan arasındakı mövcud 330 kV-luq Ağstafa –Qardabani elektrik verilişi xəttinin yenidən qurularaq ikidövrəli 330 kV-luq xəttə çevrilməsi hesabına bu sahədə imkanları xeyli genişləndirmək olar.
Azərbaycan və İran enerji sistemləri arasındakı əlaqələrə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkələrimizin enerji sistemlərində gərginlik fərqli siniflərə aiddir. Bunu, eləcə də İran enerji sisteminin digər ölkələrin enerji sistemləri ilə inteqrasiyası niyyətlərini nəzərə alsaq, onda Azərbaycan enerji sisteminin İran enerji sistemi ilə sabit cərəyanverici yarımstansiyalar vasitəsilə birləşməsi daha məqsədəuyğun olardı.
Bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, qlobal enerji təhlükəsizliyinin təminatı sahəsində xüsusi rola malik Azərbaycan, elektrik enerjisi təhlükəsizliyinə problem yaradacaq məsələlərin nizamlanması üçün də zəruri addımları atacaq və liderlərin avqust görüşü bu baxımdan çox əhəmiyyətli olacaq.
Natiq Əliyev, Azərbaycanın energetika naziri
“Respublika” qəzeti