BP-nin hazırda Çıraq və Dərinsulu Günəşli sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev 15 iyun 2016-cı il tarixindən BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti təyin olunur. Bu yeni vəzifədə Orxan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq.
Bu haqda “BP-Azerbaijan” şirkətinin mətbuat üçün açıqlmasında bildirilir.
Aşıqlamada qeyd olunur ki, bu vəzifədə Orxan BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse prezident Robert Uottu əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.
BP-də çalışdığı 20 ildən artıq bir müddət ərzində Orxan Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazanmışdır.
Bundan əvvəl Orxan Quliyev dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb. Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və Azəri-Çıraq-Günəşli layihələrində layihə mühəndisi və layihə meneceri kimi işləyib, həmçinin BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində müxtəlif vəzifələr tutub.
Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə maqistraturasını bitirdikdən sonra Azərbaycan Neft Akademiyasında qaz axınının dinamakası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Orxan həmçinin digər ixtisaslar üzrə qərb universitetlərində də təhsil almışdır – onun Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib.
Quliyev neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür.
Evlidir, iki övladı var.