1990-cı illərin ortalarından etibarən Avropa enerji daşıyıcılarının gündəliyində olan, lakin geosiyasi səbəblərə görə reallaşmayan Transxəzər qaz kəməri layihəsi hələ də aktuallığını qorumaqdadır.
Əgər ötən on illikdə layihənin həyata keçməsinə Türkmənistandakı infrastruktur çatışmazlığı əngəl törədirdisə, yaxın zamanlarda 773 km uzunluğunda Şərq-Qərb qaz kəmərinin istismara verilməsi ilə bu problem aradan qaldırılmışdır.
Türkmənistanın enerji ehtiyatlarının nəql marşrutundakı bu cür dəyişiklik 30 milyard kubmetr qazın Türkmənbaşı limanına çatdırılmasına imkan yaradacaqdır. Türkmənistan qazının Avropa bazarlarına çıxardılması üçün bu kifayət etmədiyindən Transxəzər qaz layihəsinin müzakirəsi hələ də davam edir.
Regionun enerji bazarında baş verən son hadisələr, xüsusilə də Rusiyanın Türkmənistandan qaz alışını dayandırması Transxəzər layihəsini yenidən gündəmə gətirsə də, onun həyata keçməsinə mane olan geosiyasi baryerlər hələ də aradan qalxmamışdır. Elcə də dünya enerji bazarında neftin qiymətinin sürətlə ucuzlaşması Türkmənistan ilə Azərbaycan arasındakı 338 kilometrlik qaz layihəsinin çəkilməsini çətinləşdirən faktorlardan birinə çevrilmişdir. Çünki layihənin reallaşması üçün tələb olunan vəsait 3-7 milyard ABŞ dolları təşkil etməkdədir.
Həm geosiyasi, həm də investisiya problemlərinin asan aradan qaldırılması mümkün görünməsə də, dünyada enerji sahəsindəki sürətli texnoloji inkişaf yeni həll variantlarını ortaya qoyur ki, bu həll variantlarından biri də sıxılmış təbii qaz (“STQ”, “CNG”, yəni “Compressed Natural Gas”) üsulunun isitfadəsidir.
STQ, beynəlxalq praktikada daha çox istifadə olunan mayeləşdirilmiş təbii qaz (“MTQ”, LNG) ilə eyniləşdirilməməlidir. Mayeləşdirilmiş təbii qaz əsasən metan qazından ibarətdir və ehtiyatda saxlanıla bilməsi və daşınması üçün tə- bii qazı maye halına çevirirlər. Bu qazın əldə edilməsi və daşınması üçün bahalı texnologiya və qurğulara ehtiyac vardır. Hasilat və daşınma xərcləri bazara çıxarılan qazın qiymətinin artmasına, bu da öz növbəsində alıcıların azalması- na səbəb olur. Əgər Azərbaycan ilə Türkmənistan arasında qaz daşınma üsulu olaraq mayeləşdirilmiş təbii qaz üsulundan istifadə ediləcəksə, hər iki ölkədə bahalı LNG terminallarının tikintinsinə də ehtiyac yaranacaqdır.
Bu üsuldan istifadə edilsə Türkmənistan qazı Avropa bazarında satış üçün qiymət baxımından rəqabətqabiliyyətli olmayacaqdır.
STQ-nin üstünlüyü nədir?
STQ yüksək təzyiq altında (3600 kvadrat düym funt) sıxılaraq xüsusi ayrılmış konteynerlərdə saxlanılır. Qaz xüsusiyyətini saxlasa da, orijinal həcmindən 100 dəfə kiçik olur. Aşağı həcmə salınmasına görə eyni həcmli LNG-dən daha çox qaz daşınılmasına imkan verir. LNG-dən fərqli olaraq STQ-nin daşınması üçün bahalı infrastrukturlara ehtiyac olmur. LNG metodunun üstünlüyü onun 1960-cı ildən etibarən dünyada geniş yayılmış və əsaslı sistemə sahib olmasıdır.
Lakin STQ ilə bağlı bənzər praktika hələ yeni-yeni formalaşmaqdadır. STQ-nin daşınması sahəsində dünyada lider mövqe Kanadada 2005-ci ildə tə- sis olunmuş “Sean NG” koorperasiyasına məxsusdur. Bu şirkət özünün STQ texnologiyasını inkişaf etdirərək “Coselle” əmtəə nişanı adı altında brendləşdirmişdir. Yükdaşıma və nəql həcmini optimallaşdıran “Coselle” sistemi aşağıdakı şəkildə təsvir olunan “S25” quruluşundan ibarətidir. Hər bir gəmidə su və qaz buraxmayan texnologiya ilə qablaşdırılan STQ daşınılması mümkündür.
“C128” gəmisi 278 metr uzunluqda və 14.9 milyon kubmetr qaz daşıma ehtiyatına malikdir ki, bu da Bakı ilə Türkmənbaşı arasında həftədə iki dəfə səyahət edən tam təchizatlı “C128” gəmisinin il ərzində 1.55 milyard kubmetr qaz daşımaq imkanına sahib olması deməkdir.
Azərbaycan üçün üstünlükləri
Azərbaycan “Coselle” sistemi vasitəsilə müəyyən həcmdə qaz daşımaq imkanı əldə edəcəyi halda, həmin qazın həcmi istifadə olunan gəmi daşımalarının intensivləşməsinə görə arta bilər.
Hazırda Azərbaycan üçün qaz ixracının artması əsas prioritetdir. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 2015-ci ildə Azərbaycan istehsal etdiyi 18,9 milyard kubmetr qazın yalnız 8.4 milyard kubmetrini (44%) ixrac edə bilmişdir. Qısa zamanda bu texnologiya vasitəsilə mövcud ixrac potensialını ikiqat artırmaq mümkündür. Qeyd edək ki, bu üsulun tətbiqinə olan ümidləri artıran hadisə Azərbaycanın gəmiqayırma sənayesinin inkişaf tempidir.
Bakı gəmiqayırma zavodunda hazırda dəyəri 378 milyon dollar olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulmuşdur. Bu gəminin “Coselle” sisteminin tam təchizatına malik olması STQ üsulu ilə Azərbaycan-Türkmənistan arasında qaz nəqlinə başlanılmasına olan ümidləri artırır.
Bu gün dünyada sıxılmış təbii qazın sənaye və nəqliyyat sahəsində istifadəsinin artması zəminində Azərbaycanın Türkiyənin enerji bazarında bu vasitə ilə qazanc əldə etmək imkanları da genişlənir. “SOCAR Turkey LNG Satış A.Ş.” 30 il müddətinə sıxılmış təbii qaz (CNG) satışına dair lisenziyaya sahibdir və Türkiyə ərazisində hazırda səkkiz ədəd yeni sıxılmış təbii qaz stansiyalarını da quraşdırmışdır.
Bu stansiyalara olan maraq böyükdür, çünki sıxılmış təbii qaz digər yanacaq növlərinə görə nəqliyyat vasitələri üçün iqtisadi baxımdan əlverişli və ekoloji təmiz yanacaq növüdür. 1 Yaxın illərdə Azərbaycanın rəqabətqabiliyyətli qaz təchizatçısı, Avropa qaz bazarının fəal istehsalçısı və ixracatçısı statusunu əldə etməsi mavi qazın nəqlində mövqeyini möhkəmləndirməsindən də asılıdır. Bu sahədə həyata keçirilməkdə olan layihələr Türkmənistan ilə “Coselle” texnologiyası vasitəsilə mavi yanacağın nəqlinin reallaşdırılmasına olan ümidləri artırır.
Dr. Vassilios Sitaras, Enerji təhlükəsizliyi üzrə analitik
Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, ADA Universitet