Bu gün axşam saatlarında Azərbaycan Dövlət Neft Şirkəti “Günəşli” yatağının dayaz hissəsində yerləşən 10 N-li stasionar platformada yanğını söndürməyə nail olub. Bu haqda Caspian Barrel-ə hadisə yerində işləyən mütəxəssilərdən məlumat daxil olub.
Məlumata görə, qaz quyularında alov söndürüləndən sonra onlar xüsusi başlıqlarla germetik bağlanıb ki, sızmaya imkan yaranmasın.
Platformada yanğının uzunmüddətli olması (68 gün) onunla əlaqəli olub ki, burada yanan quyular sadəcə qaz quyuları olmayıb, onlar qaz-kondensat quyuları idi. Xüsusi maddə ilə qazı söndürmək mümkün idi, ancaq bu zaman quyudan çıxan kondensat dənizə dağılar və küləkli fava şəraitində bunun yayılma coğrafiyası genişlənər və təbii ki, bu zaman ekoloji fəsadların aradan qaldırılması üçün külli miqdarda xərc tələb olunardı. Başqa bir səbəb isə, yanan quyuların bir-birinə yaxın yerləşməsi və onlara quyubaşlığının qısa zamanda geydirilməsi üçün əvvəlcə platformaüstü avadanlığın kəsilib-doğranaraq sahilə daşınmasını təmin etmək məsələsi idi. Mürəkkəb hava şəraitində davam etdirilən bu problemin həllinə mütəxəssilər təqribən bir ay qədər vaxt sərf emişlər.
Qeyd edək ki, bu gün SOCAR prezuidenti Rövnəq Abdullayev “IP Week” çərçivəsində jurnalistlərə bildirmişdi: “Vəziyyət normallaşır, dünən daha bir qaz quyusu söndürülüb. Yanğın sonuncub quyuda davam edir, yəqin onu da bu gün söndürəcəyik. Cəmi 27 quyu olub”.
Onun sözlərinə görə, platformada yanğın söndürüldükdən sonra dərhal təmir işlərinə balanacaq. “Quyuları təmir etmək üçün 3-4 ay vaxt lazımdır. Yatağı mayın sonuna kimi tam həcmlə istifadəyə verməyə çalışacağıq. Bu yataqdan gündə 1,3 mln. kubmetr qaz və 1000 ton neft hasil olunurdu. Cari ildə illik hasilatın həcmi 500-600 min ton az olacaq”, deyə Abdullayev bildirmişdi.
Xəbər verildiyi kimi, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Nəticədə platformada olan 62 nəfərdən neftçidən 30 nəfər platformanı tərk etmək istərkən dənizə düşərək həlak olub.