“Bloomberg” agentliyi Avropa İnvestisiya Bankının (EIB) vitse-prezidenti Pim van Ballekoma istinadən məlumat yayıb ki, bank Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına 1 mlrd. avro həcmində vəsait ayıracaq.
Onun sözlərinə görə, bu vəsait “BOTAŞ” şirkətinin TANAP-dakı payının maliyyələşdirilməsi üçün ayrılacaq. Bankın rəsmisi Dünya Bankının da TANAP-a maliyyə vəsaiti ayıra biləcəyini əlavə edib.
Balekom bildirib ki, bankın idarə heyəti krediti aprel ayının sonuna qədər təsdiq edəcək: “İlk tranşın isə bu il avqustun sonuna qədər ayrılacağı planlaşdırılır”.
TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir.
Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək.
Nəzərdə tutulur ki,kəmər 2018-ci ildə istismara veriləcək və ilk qaz Avropaya 2020-ci ildə nəql ediləcək.
TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var.