SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Qaz İxracı İdarəsi (Qİİ) 2015-ci ildə elektrik stansiyalarının yanacaqla təmin olunması üçün “Azərenerji” SC-ni 4 mlrd. 689 mln. kubmetr qazla təchiz edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
SOCAR-ın məlumatına əsasən, 2015-ci ildə Qİİ magistral qaz kəmərləri sisteminə 14 mlrd. 562 mln. kubmetr, o cümlədən “BP-Azərbaycan” şirkətindən (“Azəri-Çıraq-Günəşli” neft blokundan çıxan səmt qazı və “Şahdəniz” qaz-kondensat yatağından çıxan təbii qaz) 6 mlrd. 332 mln. kubmetr, quru yataqlarında işləyən əməliyyat şirkətlərindən və digər mənbələrdən 352 mln. kubmetr, “Azneft” İstehsalat Birliyindən 7 mlrd. 770 mln. kubmetr qaz daxil olub.
“Həmçinin 2015-ci ildə Azərbaycana Rusiyadan 108 mln. kubmetr qaz idxal edilib. Qəbul olunan qaz həcmlərinin 5,763 mlrd. kubmetri “Azəriqaz” İB-yə, 4,689 mlrd. kubmetri “Azərenerji” ASC-yə, 1,760 mlrd. kubmetri “Azneft” İB-yə, 1,358 mlrd. kubmetri isə Gürcüstana təchiz edilib”,- deyə məlumatda bildirilir.
Həmçinin Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etmək məqsədilə İran İslam Respublikasına uzunmüddətli (2025-ci ilədək) mübadilə (swap) müqaviləsi çərçivəsində ötən il İran tərəfindən qəbul olunan 287 mln. kubmetr qaz həcminin 267 mln. kubmetri “Naxçıvanqaz” İB-yə verilib.