Dünən Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti bu gün Azərbaycana gətiriləcək.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, neftçinin meyiti Azərbaycana gətirildikdən sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılacaq, sonra isə ailəsinə təhvil veriləcək”.
Birlikdən qeyd olunub ki, neftçi sabah Tovuz rayonunda dəfn olunacaq.
Qeyd edək ki, dünən Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılıb.
Məlum olub ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.