SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın perspektivdə Naxçıvan Muxtar Respublikasında (NMR) yeraltı qaz anbarının tikintisini aktual hesab etmir. Bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev ANS telekanalına müsahibəsində bildirib.
“Naxçıvanda iri yealtı qaz anbarının tikintisinə ehtiyac yoxdur. Çünki muxtar respublika illik orta hesabla 300 mln. kubmetr qaz sərf edir. SOCAR-ın əməkdaşları tədqiqatlar apararaq keçmiş duz yataqlarına qaz vurulması imkanını öyrənirlər. Lakin yaxın vaxtlarda Naxçıvanda yeraltı qaz anbarının tikintisi aktual deyil”, – deyə V.Əliyev qeyd edib.
O, həmçinin xatırladıb ki, SOCAR-ın balansında iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”.
“Son 3 il ərzində bu anbarlarda ciddi iş aparılıb – yeni quyular qazılıb, kompressor stansiyaları quraşdırılıb, infrastruktur yenilənib. Hazırda bu iki yeraltı qaz anbarından götürülən qazın ümumi həcmi 4-4,5 mlrd. kubmetrə bərabərdir ki, bu da Azərbaycanda təbii qazın daxili istehlak həcminin 30-35%-ni təşkil edir”, – deyə V.Əliyev qeyd edib.
“Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə işə salınıb.
Hazırda NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir.