İran gündəmə Azərbaycanın təkcə nüfuzlu qaz qonşusu kimi gəlmir, həm də cənubdan geniş iqtisadi imkanları olacaq bir ölkənin KÖLGƏSİ görünür
Beləliklə, 16 yanvarda Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin İranın nüvə öhdəliklərini yerinə yetirməsi ilə bağlı hesabatı açıqlanandan sonra Avropa Birliyi və ABŞ eyni vaxtda rəsmi Tehrana qarşı əvvəllər tətbiq etdikləri sanksiyaların qismən aradan götürülməsini elan etdilər.
Amerika Birləşmiş Ştatları adından sanksiyaların yumşaldılması ilə bağlı qərarı ABŞ prezidenti adından Dövlət katibi Con Kerri bəyan edib. O, bildirib ki, Tehranla neft və qaz hasilatında əməkdaşlığa görə sanksiyalara məruz qalan şirətlərdən məhdudiyyətlər aradan qaldırılıb. Ancaq bununla belə sanksiyalar siyahısında İranla əlaqəli 200 şirkət və şəxs saxlanılıb.
Avropa Birliyi adından sanksiyaların ləvğini АВ-nin xarici siyasət üzrə Ali nümayəndəsi Federika Mogerini səsləndirib. Onun sözlərinə görə, “altılığın” İranla bağlı qəbul etdiyi tarixi qərar artıq qüvvəyə minib.
Neft hasilatının bərpası və ixracı
Sanksiyaların ləvğindən sonra İran, nəhayət qlobal bazara əlavə neft həcmləri göndərmək imkanı qazanır. İndi bazar iştirakçılarını düşündürən ən vacib sual budur ki, İran 2016-cı ildə dünya bazarına reallıqda nə qədər neft çıxara bilər?
İranın neft naziri Bijan Namdar Zanganeh bəyan edib ki, sanksiyalar aradan götürüləndən təqribən bir-neçə həftədən sonra ölkə 500 min barelə qədər ixracı artırmaq imkanındadır. 12 ay ərzində isə bu həcmləri daha 600 min barel artıra bilər.
“Bloomberg” agentliyinin bu ərəfədə təhlilçilər və iqtisadçılar arasında apardığı sorğunun nəticəsinə görə isə, İran heç də onun rəsmilərinin açıqladığı həcmdə nefti bazara çıxarmaq iqtidarında deyil. Bu rəylərə görə, sanksiyalar ləvğ edildikdən bir ay müddətində hasilat 3,7% və ya gündəlik 100 min barel arta bilər. Həmin həcmləri İran günlük daha 400 min barel artırmağa isə yalnız sanksiyaların ləvğinin altıncı ayında müvəffəq olar. “Mən şübhə edirəm ki, İran qısa bir zamanda öz neft hasilatını bu qədər artırmağa nail olsun. Çünki quyuların bərpası üçün daha çox zamana və investisiyaya ehtiyac duyulacaq”, – deyə Saxo Bankın əmtəə bazarlarının strateji təhlili Departamentinin rəhbəri Ule Hansen bildirib.
Qeyd etmək lazımdır ki, İranın neft hasilatını tezliklə bərpa edə biləcəyinə şübhə ilə yanaşılması havadan götürülən bir məsələ deyil. Belə ki, İran 36 ildir ki, Qərbdən təcrid edilmiş şəkildə yaşayıb və Şərqin inkişaf etmiş ölkələri belə onun neft sənayesinə Qərbin müxtəlif qadağaları ilə bağlı investisiyalar edə bilməyiblər. Nəticədə İran texnoloji baxımdan bu sahədə hazırda geridə qalmış ölkə kimi xarakterizə edilir. Onun qurudakı neft yataqlarından çıxarıla biləcək neft ehtiyatları Körfəz ölkələri içərisində ən aşağı göstəriciyə malikdir. Bu göstəricini artırmaq üçün isə Qərb texnologiyaları lazımdır. Bu texnologiyaları əldə etmək üçün isə ya İran külli miqdarda Qərb şirkətlərinə vəsait ödəməli olacaq yoldan keçməlidir, ya da onlarla əməkdaşlıq üçün qarşılıqlı fayda gətirən bir müqavilə forması seçməlidir.
Qərb təhlilçilərinin fikrincə, birinci variant üçün İranın kifayət qədər vəsaiti yoxdur, çünki onun neft hasilatını sanksiyalardan əvvəlki səviyyədən (ildə 200 milyon ton neft hasilatı) yüksək bir hala gətirmək üçün yaxın bir-neçə ildə hər il 25-30 milyard investisiya qoymaq gərəkdir. 2015-ci ilin dekabrında isə İranda neft hasilatı 2,7 milyon barel səviyyəsində idi, yəni illik 135 mln ton.
Neftin aşağı qiymətlərində İran üçün ən məqbul variant xarici neft şirkətləri ilə əməkdaşlıqdan keçir. Ona görə də 2015-ci ilin 28 noyabrında Tehranda rəsmi İran bu əməkdaşlığı hansı formada görməsi ilə bağlı bir toplantı keçirdi və bura dünyanın bir çox neft şirkətlərini dəvət etdi (ABŞ şirkətləri bu konfransa qatılmadılar, məlumat üçün qeyd edim ki, Rusiyanın isə həm dövlət, həm də özəl şirkətləri həmin tədbirdə iştirak etmişdi. SOCAR da həmin tədbirin iştirakçıları sırasında idi).
Iran Petroleum Contract (IPC) adlanan bu tip müqaviləni İran hökuməti sırf neft yataqlarının işlənməsi üçün xarici investorlara ünvanlayıb. Onun təhlili göstərir ki, əslində burada İran əlahiddə elə bir yenilik etməyib, İraqda mövcud olan müqavilə formasınından bəhrələnib (İraqda xarici investora hökumət müəyyən xərclərin ödənməsi üçün öhdəliklər verdiyi halda, İran variantında belə bir şey yoxdur), ancaq ona bir-sıra öz elementlərini əlavə edib. Məsələn, xarici investor hər hansı bir yatağı işlətmək üçün İranda tərəfdaşa malik olmalıdır. Sonradan imzalanan müqavilə isə xarici tərəfdaşla birgə yeni İran şirkətinin yaranmasına gətirib çıxarmalıdır. Neft sənayesində bu çür şirkətlərin yaranması isə hökumətin öhdəliyi kimi irəli sürülür.
Göründüyü kimi, rəsmi Tehran hazırkı mərhələdə Hasilatın Pay Bölgüsü (PSA) sazişlərindən birmənalı olaraq imtina etmək yolunu tutur və bunu özünün inkişafına “yaraşdırmır” (bu tip müqavilələr üçüncü Dünya ölkələrinə aiddir – belə deyimləri çoxdan eşitmək olar). Böyük neft şirkətləri isə təbii ki, reabilitasiya layihələrinə maraq göstərməyəcəklər. Onların maraq dairələrində iri yataqlar və ya kəşfiyyat layihələri olur ki, bu da böyük investisiya riskləri deməkdir. Belə investisiyalara gedən şirkətlərə isə qoyduqları sərmayənin SIĞORTASI gərəkdir. Hər halda IPC tipli müqavilə PSA ilə müqayisədə şirkətlərə o İNAMI vermir. Əgər inam yoxdursa, demək gözlənilən sıçrayışlı artım da söz olaraq qalacaq.
İrana gələn kiçik şirkətlər isə ancaq hasilatın səviyyəsinin müəyyən qədər artırılmasına töhfə verə bilərlər, onlardan İran şirkətləri nə texnoloji yenilik, nə də hansısa məsələlərin həllində innovativ modulların tətbiqini görmək inandırıcı deyil. Necə ki, Azərbaycanın quru yataqlarında işləyən onlarca xarici şirkətlər kimi. Məsələn, Böyük Britaniyanın Vircin adlarında qeydiyyatı olan “Global Energy”nin indiyə qədər SOCAR-dan hansı sahədə üstün olması bir müəmmadır və bunu hansısa konfransda və sərgidə nümayiş etdirməyə cəhd edən də olmayıb.
Bazarlara təzyiqlər
İran neftinın əlavə həcmləri sanksiyalardan sonra bazara çıxan kimi dünya birjaları buna reaksiya verəcək. Əslində bu reaksiya ondan əvvəl özünü hiss etdirməyə başlayıb, çünki neftin qiymətinin 30 dollardan aşağı düşməsində məhz İran amili xüsusi çəkiyə malik idi. Bazar oyunçularına artıq bəlli idi ki, həftə sonu İran üzərindən qadağalar götürülür. Bununla bağlı treyderlər “əllərində olan” partiyaları tələsik satırdılar ki, sadə dildə desək, sonradan daha aşağı qiymətlə daha rəqabətli bazarda müştəri axtarışında olmasınlar.
Bu baxımdan neft qiymətlərinin bazarda daha da ucuzlaşması bir müddət müşahidə ediləcək. Gərək bir amili də nəzərə alaq ki, Səudiyyə Ərəbistanı ilə İran arasında bazarlar uğrunda mübarizə qızışacaq və bu daimi istehlakçılara müxtəlif bazarlarda birja qiymətlərindən daha ucuz neft almağa şərait yaradacaq (məsələn, Brent markalı neftin 1 bareli London birjasında 28,94-a satılırsa, Səudiyyə öz neftini bir sıra daimi müştərilərinə 2-3 dollara qədər ucuz təklif edir,təbii ki, bu yolla İran da gedir). Bu isə son nəticədə bazarda “çox ucuzluğun” müddətini uzadan amil faktoruna çevriləcək. Belə olan halda cari ildə həqiqətən neftin qiymətləri proqnozlar göstəricilərindən xeyli aşağı ola bilər və heç də ilin ikinci yarısı güman edildiyi kimi 50-55 dollar həddinə qədər armaz.
İran faktorunun Azərbaycana təsiri
Neft hansı səviyyədə olursa olsun, görünən odur ki, onun qiymətləri 2015-ci ildə Brent markası üçün ortalama $52,5 oldu. Bu isə 2014-c illə müqayisədə 47,5% azalma demək idi. İkinci fakt budur ki, cari ildə neftin qiymətləri üçün korrektə edilən proqnoz göstəriciləri hələlik $40-dır. Bu isə neft qiymətlərinin daha 23,4% azalması deməkdir.
Azərbaycan üçün 2016-cı il XXI əsrdə ilk dəfə olaraq iqtisadi BÖHRAN kimi yadda gündəmə düşə bilər. Çünki il başlayandan bu böhranın təzahürləri elə bir sahə yoxdur ki, hiss edilməsin və bunun üzərində geniş dayanmağa lüzum da yoxdur: iqtisadiyyat vaxtında şaxələndirilmədiyindən ölkəyə maliyyə axınları faktiki neft sənayesi üzərindən olub və DÖVLƏT büdcəsi hesabına maliyyələşən layihələrdən bəhrələnib. Hazırda Neft Fondundan büdcəyə transfertlər kəskin azaldıldığından və buna müvafiq olaraq bütün strukturların maliyyə“çörəyi” kəsildiyindən iqtisadiyyat da çətin durumdadır. Hökumət uzun müddət neftin qiymətlərinin düşməsinin uzunmüddətli olacağını, demək olar ki, qəbul etmək istəmirdi. Bu isə ona gətirib çıxardı ki, 1 il ərzində manat kommersiya dəyərini 100% itirdi, Milli Bankın ehtiyatları 16 ay ərzində $15,3 mlrd-dan $5,1 mlrd-a qədər azaldı. 2005-ci ildə cəmi 22,2 milyon ton neft və 5,73 milyard kub metr qaz hasilatı ilə 24,6% ÜDM artımı əldə edilmişdisə, 2015-ci ildə Azərbaycan 41,6 milyon ton neft və 18,9 milyard kub metr qaz hasil etməklə 1,1% iqtisadi artıma ancaq nail olub.
2016-cı ildə neft hasilatının ölkədə 10 milyon barreldən çox (1,4 milyon tona yaxın) azalacağı proqnoz edilir. Təbii ki, neftin aşağı qiymətlərində belə bir hal ölkə iqtisadiyyatına öz neqativ təsirlərini göstərməyə bilməz.
İran isə neft qiymətlərinin hansı səviyyəsindən 20016-da o qədər də asılı olan bir ölkə deyil. Nə mənada? Ona görə ki, artıq sanksiyalarınləvği ilə onun 2012-ci ildən Qərbdə dondurulmuş 100 milyard dollara qədər aktivi hissə-hissə ölkənin ixtiyarına veriləcək. ABŞ eəsmilərinin açıqladığı məlumata görə, İran 50 milyard dollar vəsaitə sahib olmaq imkanı qazanır. Təsəvvür edin ki, İran bu il 2 milyon barel olmaqla neftin orta qiyməti $35-dan neft satmaq imkanı qazansaydı, onun gəliri (mənfəəti ilə dəyişik salmayın) ancaq $25.5 milyard təşkil edərdi. Ona görə də bu vəsaitin həm bu il, həm də gələn il üçün İran iqtisadiyatının inkişafında çox böyük rolu olacaq. Yaddan çıxartmayaq ki, İran prezidenti Həsən Ruhani bu günlərdə parlamentə yeni büdcəni təqdim edərkən bəyan edib ki, “2016-cı ildə 8%-lik iqtisadi artım gözlənilir”. Bundan əlavə ölkədə inflyasiya 40%-dən 13%-dək azalıb. Ruhani qeyd edib ki, 2016-cı ildə İran büdcəsinin neft gəlirlərindən asılılığı 25%-dən çox olmamalıdır.
Bir qədər əvvəl isə İran prezidenti ölkənin altıncı beşillik inkişafı üçün hər il 30-50 milyard investisiyanın qoyulmasını iqtisadiyyatın sürətli artımı baxımından zəruri addım kimi qiymətləndirmişdi.
Yəni məsələnin mahiyyəti bundadır ki, 2016-cı ildə İranın əlində böyük vəsaitlər olacaq və təbii ki, hökumət bu vəsaitdən həm iqtisadiyyatın modernləşdirilməsi, əhalinin rifahının yaxşılaşdırılması, ilk dəfə xarici şirkətlərlə təmaslarının genişləndirilməsi kimi məsələləri önə çəkəcəkdir ki, bunun da əsasını regionda nüfuzunun artırılması duracaq.
Əgər daha dərinə getsək, Sovet İttifaqı dağılanda onun ərazisində yaradılan dövlətlərin xarici şirkətlər üçün risk dərəcəsi çox böyük idi: tamamilə dövlətin əlində olan resurslar və mülkiyyət, dövlət institutlarının çox zəif olması, qanunların demək olar ki, işləməməsi, insanların xarici dil bilməməsi. İrana gəldikdə isə burda vəziyyət tam başqadır: ölkə teokratik olsa da, ruhanilərin təsir hər yerdə hiss edilsə də, ölkədə hakimiyyət bölgüsü var, seçki keçirilir, hökumətlər periodik dəyişilir, yazılan qanunlar işləyir, özəl mülkiyyət heç zaman ləvğ edilməyib, real fond birjası fəaliyyət göstərir, istər Avropada, istər Amerikada, istərsə də Yaxın Şərqdə biznes sahəsində aktiv İran diasporu mövcuddur. Bu kimi amillər İranla iqtisadi əlaqələrin qeyri-neft sektorunda qısa bir zamanda daha geniş vüsət almasına dəlalət edir.
Ona görə də belə nəticəyə gəlmək olar ki, neft qiymətləri aşağı olan zaman Körfəz ölkələri bundan əziyyət çəkən zaman İran ölkəyə dondurulmuş vəsaitlər, əlavə neft ixracından qazanılmış vəsaitlər hesabına, həmçinin ölkənin xarici investorlara açılması hesabına öz iqtisadi vəziyyətini kifayət qədər yaxşılaşdırmaq imkanları əldə edəcək. Nəticədə onun qonşu ölkələrə təsirləri artmağa başlayacaq. Çünki iqtisadi güc düzgün siyasi kurs yeridildiyi tərzdə nüfuz dairəsinin genişlənməsi amilidir.
Belə olan tərzdə Azərbaycan çətin ki, 2001-ci ilin iyulunda Xəzərin dərin hissəsində yerləşən “Araz-Alov-Şərq” strukturları üzərindəki sahiblik hüququnu rəsmi Tehranla gündəmə gətirə bilə. Başqa məsələ ki, İran tərəfi ilə burada Azərbaycan əməkdaşlıq formalarını müzakirəyə çıxara. İstənilən halda əməkdaşlıq qonşu ölkələr arasında qarşıdurmadan daha faydalıdır.
Başqa bir məsələ isə Azərbaycanla İran arasında indidən kommersiya layihələrin həyata keçirilməsinə start verilməsidir. Azərbaycan hökuməti yenə də 10 il əvvəllər olduğu kimi infrastruktur layihələrinə üstünlük verir. Düzdür, bunlar qonşu ölkələr arasında lazımlı layihələrdir, ancaq Azərbaycan bu sahədə yenə də çox gecikmiş addımlar atır. Kommersiya layihələri gərəkdir ki, ondan gələn gəlir infrastruktur layihələrində özünü büruzə versin.
İlham Şaban