ABŞ gözlənilmədən Gürcüstan bazarında SOCAR-ın sıxışdırılmasına və Rusiyanın “Qazprom” şirkətinin, habelə İranın bu bazara girməsinə dəstək verib.
Virtualaz.org xəbər verir ki, Birləşmiş Ştatların Tiflisdəki səfiri Yan Kelli “İmedi” telekanalına müsahibəsində Gürcüstan hökumətinin “Qazprom”la danışıqlarında qəribə heç nə görmədiyini bildirib. Lakin əlavə edib ki, hökumət bu danışıqlarda daha çox şəffaflığı təmin etməlidir.
Yan Kellinin bildirdiyinə görə onun “Qazprom”la danışıqlara dair hökumətdən aldığı məlumat “çox əhatəlididir”. “Gürcüstan təkcə bir təchizatçıdan asılı olmalı deyil”-səfir Gürcüstanın qazla təchizatının 90 faizinin Azərbaycandan təmin olunduğuna eyhamla əlavə edib.
Diplomat bildirib ki, Tiflis “Qazprom”la danışıqlarda ölkənin energetika müstəqilliyini saxlamaq üçün mümkün olanı etməlidir. “Ölkə təkcə bir enerji mənbəyindən asılı olmalı deyil. Ona görə də diversifikasiya barədə fikirləşmək lazımdır və Gürcüstan hökumətinin Rusiya ilə danışıqları uzaqgörən, müdrik addımdır”-Yan Kelli vurğulayıb.Səfirin fikrincə energetika siyasəti cəmiyyətdə suallar yaratmalı deyil. Ona görə də hökumət ictimaiyyəti daha çox məlumatlandırmalıdır.
Xatırladaq ki, Gürcüstan hökuməti “Qazprom”un kommersiya qaz bazarına daxil olmasına dair danışıqlar aparır. Bu danışıqlar son mərhələdədir. Detallar məlum olmasa da bildirilir ki, söhbət Gürcüstanın Rusiyadan hər il 500 milyon kubmetrə qədər əlavə qaz almasından gedir.
Hazırda Gürcüstan Ermənistana qaz tranzitinə görə “Qazprom”dan ildə 400 milyon kubmetr qaz alır. Ölkənin qaza olan illik tələbatı 2.5 milyard kubmetr göstərilir və Gürcüstanın energetika naziri Kaxa Kaladze deyir ki, SOCAR ölkənin artan tələbatını ödəmək gücündə deyil. Üstəlik buna Azərbaycandan Gürcüstana qaz nəql edən kəmərin imkanları da bəs etmir. Azərbaycan tərəfi isə əksinə, bildirir ki, Gürcüstanın qaza olan tələbatını tamamilə ödəmək imkanındadır. Ötən həftə SOCAR prezidenti Rövnəq Abdullayev Tiflisdə bu mövzuda danışıqlar aparsa da belə görünür ki, tərəflər razılaşma əldə edə bilməyiblər.