Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Günəşli” yatağında qəza baş vermiş özüldə olan xilasedici qayığın video görüntüsünü yayımlayıb.
Caspian Barrel bildirir ki, dekabrın 4-də 10 N-li platformada baş verən faciə zamanı neftçilərin həlak olması məhz xilasedici qayığın saat 22.45 radələrində güclü külək nəticəsində platformadan asılan zəncirlərinin qırılması və sonra onun suya düşdükdən sonra platformanın dirəklərinə dəyərək parçalanması səbəbindən baş vermişdi.
Bundan sonra sosial şəbəkələrdə insanlar müxtəlif versiyalar irəli sürmüş, qayıqların oradakı insanların sayına tab gətirmədiyini və ya çoxdan alındığından və istifadəsiz qaldığından kğhnələrək yararasız hala düşdüyü haqda fikirlər səsləndirmişlər.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov isə bazar günü keçirilən mətbuat konfransında bu fikirləri ilk dəfə təkzib edərək qayıqların Cənubi Koreya istehsalı olduğunu açıqlamış və hər brinin 42 nəfəri daşımağa qadir olduğunu bildirmişdi.
İndi isə SOCAR yaydığı bu videoda şirkətin nümayəndəsi vasitəsilə sözügedən qayıq haqda ictimaiyyətə daha ətraflı məlumatlar çatdırır. Video görüntülərdən məlum olur ki, qayıq hətta yanğının içərisindən belə keçə bilərmiş və bu zaman özünün yuxarı səthini su şırnağı ilə soyutmaq qabiliyyətinə də malik imiş. Qayığın belə bir imkanı onun sırf neft sənayesi üçün hazırlanması ilə izah olunur.
Videoya keçid üçün buraya tıklayın.