10 N-li platformada itkin düşən daha 22 neftçinin axtarışı davam etdirilir
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti tapılıb. Ancaq meyiti bu gün qonşu ölkənin sularında aşkar ediblər.
Caspiab Barrel Azərbaycan Respublikası FHN-nın yaydığı məlumata istinadən bildirir ki, neftçinin cəsədi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km. uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb və cəsəd göyərtəyə alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşüb.
*Dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. 1 nəfərin cəsədi isə bu gün tapılıb. Hazırda 22 nəfər isə itkin düşmüş hesab edilir. Bundan əlavə dekabrın 4-də “Neft Daşları” yatağında baş verən qəzada həmçinin itkin düşən 3 nəfərin axtarışı da davam etdirilir.