Belə bir qənaətə SOCAR-ın I vitse-prezidenti əldə olan məlumatlar əsasında gəlib
2022-2028-ci illərdə “Şahdəniz” yatağından maksimum həcmdə – ildə 25 mlrd. kubmetr qaz hasil ediləcək. “İnterfaks-Azərbaycan” bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə istinadən məlumat yayıb.
“Mərhələ-2” çərçivəsində 2022-cı ildə pik səviyyədə – 16 mlrd. kubmetr qaz hasil ediləcək. 2022-2028-ci illəri əhatə edən dövrdə “Mərhələ-1” və “Mərhələ-2” çərcivəsində bu yataqdan ümumilikdə maksimal həcmdə – 25 mlrd. kubmetr qaz hasil olunacaq”,- deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, “Mərhələ-2” çərçivəsində ilkin mərhələdə Avropaya ildə 10 mlrd. kubmetr qaz ixracı planlaşdırılıb.
“Gələcəkdə bu həcmin ildə 20 mlrd. kubmetrə çatdırılması planlaşdırılır”, – deyə X.Yusifzadə qeyd edib.
Birinci vitse-prezident həmçinin qeyd edib ki, işlənilməsinə başlanıldığı 2006-cü ildən 2015-ci il noyabrın 1-nə qədər “Şahdəniz” yatağından qaz hasilatının həcmi 66 mlrd. kubmetr təşkil edib.
“Bu dövrdə “Şahdəniz” yatağından 17 mln. ton kondensat hasil edilib”,- deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda “Şahdəniz” yatağındakı 7 istismar quyusundan sutkada 29 mln. kubmetr qaz və 7 min ton kondensat hasil edilir.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), TPAO (19%), SOCAR (16,7%), “Petronas” (15,5),“LUKoil” (10%) və NICO (10%) və şirkətləridir.