Ankaranın belə bir addımı regionda yeni geoiqtisadi vəziyyətə gətirib çıxarardı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya qarşı son günlər bir-birinin ardınca kəskin bəyanatlar verməkdədir. Sonuncu bəyanatı isə Türkiyənin Rusiya qazının alınması məsələsinə yenidən baxıla bilinməsi ilə bağlı olub.
Türkiyənin Rusiya qazından imtina bəyanatı
“Biz Rusiyadan təbii qaz alan bir nömrəli alıcıyıq. Türkiyənin itirilməsi Rusiya üçün ciddi itkidir. Lazım olarsa Türkiyə ən müxtəlif yerlərdən təbii qaz ala bilər”, – Reuters Türkiyə prezidentindən sitat gətirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya layihəsi üzrə “Akkuyu” AES-in inşası məsələsinə də yenidən baxa bilər, başqa kimsə gəlib onu tikə bilər”, – Ərdoğan bildirib.
Türkiyə Avropada Almaniyadan sonra Rusiya qazını alan həcmcə ikinci böyük alıcıdır. 2014-cü ildə Türkiyə Rusiyadan 27,33 mlrd. kub metr qaz alıb.
Qeyd edək ki, Rusiya Türkiyənin hava məkanını oktyabrın 3 və 4-də pozduqdan sonra bu ölkə ilə münasibətlər pisləşib.
Bəs Türkiyə-Rusiya əlaqələri siyasi münasibətlər fonunda bundan sonra da gərginləşməkdə davam edərsə və Suriya məsələsində Moskvanın PKK yaraqlılarını dəstəkləməsi məsələləri ortalığa çıxarsa, Ankara “Türk axını” layihəsindən, ümumiyyətlə imtina edə bilərmi?
“Türk axını” layihəsindən imtina mümkündürmü?
Belə bir variant istisna edilmir. Ona görə ki, Moskva ilin əvvəlindən Türkiyəyə 10,25%-lik qaz endirimi vəd etsə də, bunu praktikada həyata keçirmədi (çox gümani ki, bunu Ankaranın “Türk axını” ilə bağlı layihəsinə tam razığılığı alandan sonra gerçəkləşdirmək ümidində idi, Ərdoğan hökuməti isə “bu endirim” məsələsinin masştablı bir layihədə ölkəsinin milli maraqları ilə adekvat olmadığı iradəsini ortaya qoyurdu və əlavə dividenndlərə ehtiyac olduğunu Moskvaya dəfələrlə çatdırırdı, ancaq təəssüf ki, Kreml bunları qulaq ardına vurdu və “Suriya böhranı”ndan eyni zamanda Türkiyəyə bir təzyiq kimi yayarlanmaq yolunu tutdu) və nəticədə “Türk axını” layihəsinin buraxıcılıq gücünü 2 dəfə azaltdığını da elan etdi. Necə deyərlər Türkiyənin rus qazı vasitəsilə enerji tranziti ölkəsinə olan ümidlərini faktiki yox elədi.
Türkiyə məsələnin ciddiliyini başa düşür və ona görə də bir-birinin ardınca sərt bəyanatlar verir. Ankara hətta onu da anlayır ki, belə bir şəraitdə, ümumiyyətlə “Türk axını” layihəsindən imtina edə bilər.
a) Hesab edək ki, Turkiyə Rusiya ilə “Türk axını” layihəsində əməkdaşlığı dayandırır və bu layihə tarixin arxivinə göndərilir.
Bu zaman Ankaranın siyasi çəkisi Avropa Birliyi və ABŞ qarşısında artır və Suriya məsələsində artıq Ərdoğan da özünün individual maraqlarını cilovlayaraq Qərb “cəbhəsindən” çıxış etməyə başlayır. Qərb isə Rusiyaya qarşı qaz məsələsində bütün cəbhə boyu SƏDD çəkməyə müvəffəq olduğundan artıq Ukrayna istiqamətində ona öz şərtlərini diqtə etmək barədə düşünür. Rusiyanın isə manevr imkanları daralır, çünki “Şimal axını” layihəsinin geişləndirilməsi əslində Türkiyəyə və Avropaya “Türk axını” üçün təsir etmək üçün düşünülmüşdü.
Rusiya da mümkün variantları göz altına hələ əvvəldən alıb. Ona görə də hələ bu ilin iyununda ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putin 2019-cu ildən sonra da Ukrayna üzərindən Avropaya qaz ixracının davam edəcəyinin mümkün olacağı haqda fikir söyləmişdi. Onda Türkiyə “Qərb marşrutu” üzrə qaz idxal etməkdə davam edə bilər.
b) Bir anlığa təsəvvür edək ki, Türkiyə ilə Rusiya arasında əlaqələr daha da kəskinləşir və Ankara, ümumiyyətlə “Qərb marşrutu” üzrə 2021-ci ildən Rusiyadan qaz almasına son qoymaq qərarına gəlir. Nəyə görə 2012-ci ildən, çünki BOTAŞ-la “Gazprom” arasında Bolqarıstan üzərindən qaz idxalına dair on illik müqavilə 2011-ci ildə bağlanıb. Düzdür, “Gazpromla” Türkiyənin daha 3 özəl şirkəti arasında belə müqavilə var, ancaq onların həcmi elə də böyük deyil.
Bəs o zaman Türkiyə üçün hansısa ciddi fəsadları ola bilərmi? Sadəcə, bir qədər Türkiyənin qaz bazarına nəzər yetirmək lazımdır. Son 5 ildə bu ölkənin qaz istehlakı təqribən 10 milyard kub metrə qədər genişlənib, çünki iqtisadiyyat da artıb, əhalisi də. BP-nin statistikasına diqqət yetirsək, 2010-cu ilin nəticələrinə görə Türkiyə 39 milyard kub metrə yaxın qaz istehlak etmişdisə, artıq 2014-cü ildə bu rəqəm 48,6 milyard kubmetr idi. 5 il öncə Türkiyə idxal edilən qazın təqribən 31 milyard kub metrini bori ilə, 7,9 milyard kub metrini isə tankerlərlə almışdısa, ötən il artıq 41 milyard kub metr qazı boru kəmərləri ilə alaraq sıxılmış qazın idxalını azaltmışdı. Özü də Rusiyadan alınan qazın həcmi 27,3 milyard kubmr olmuşdu ki, bunun da əsas hissəsi (təqribən 15 milyard milyard kub metri) Bolqarıstan üzərindən daxil olan boru kəməri vasitəsilə həyata keçirilmişdi (yerdə qalan həcmlər Qara dənizin dibindən çəkilən “Mavi axın” layihəsi vasitəsilə idxal edilib).
Ancaq bu il üçün Türkiyə Rusiyadan qaz idxalını təqribən 12%-dən çox azaldılması gözlənilir, təkcə ikinci rübdə bu göstərici 15% olub. Yəni Türkiyənin Rusiyadan qaz idxalı əvvəllər olduğu kimi artan xətlə inkişaf etməyəcək.
2019-cu ildən Türkiyə bazarına “Şahdəniz-2” layihəsindən qaz daxil olmağa başlayacaq və bir il sonra onun həcmləri layihə gücünə çatacaq (6 mlrd kub metr). Həmin il Türkiyə İraqdan da 5 milyard kub metr qaz idxalına başlamağı planlaşdırır. Türkiyənin heç bir problemsiz Təbriz-Ərzurum kəmərilə əlavə olaraq 3-4 milyard kub metr İran qazı qəbul etmək imkanı var. Bundan əlavə Türkiyə həmin həcmdə sıxılmış qaz idxalını da artıra bilər.
Ancaq bu hələ son deyil, çünki gələn onilliyin ortasında TANAP-ın genişləndirilməsi zamanı Türkiyə bazarına daha çox qazın daxil olması imkanı yaranacağına heç bir şübhə yoxdur. Bunun mənbəyi təbii ki, Xəzər qazı olacaq. Özü də məsələnin mahiyyətində heç də bu həcmlərin hamısının Avropaya nəqli durmur. Əsas ödəmə qabiliyyətli istehlakçıların olmasıdır.
İlham Şaban, Neft Araşdırmaları Mərkəzi Caspian Barrel-in rəhbəri