2016-cı ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 290 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu barədə maliyyə naziri Samir Şərifov dünən Milli Məslisdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Gələn il SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 290 mln. manat təşkil edəcək. Bu, 2015-ci ilin proqnoz göstəricisindən 210 mln. manat və ya 14% azdır (2014-cü ildə 1,855 mlrd manat olmuşdu – Caspian Barrel)”, – deyə S.Şərifov qeyd edib.
Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 500 mln. manat məbləğində proqnozlaşdırılır.
“2016-cı ildə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə 500 mln. manat məbləğində vəsaitin ödəniləcəyi nəzərdə tutulub. Bu, 2015-ci ilə olan proqnozdan 300 mln. manat və ya 37,5% azdır”, – deyə S.Şərifov qeyd edib.
2016-ci ildə neft-qaz şirkətləri üçün vergi ödənişləri üzrə proqnoz neftin bir barelinin orta qiyməti $50 olmaqla müəyyən edilib.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə – yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.
Qeyd edək ki, PSA müqavilələri çərçivəsində neft şirkətləri 25% mənfəət vergisi ödəyirlər.