Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında sıx əməkdaşlıq Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcək. Bu barədə prezident İlham Əliyev sentyabrın 3-də Bakıda “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Datuk Van Zulkifli Van Ariffinlə görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan prezident əməkdaşlığımızın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını deyib və bunun üçün səyləri artırmağın zəruriliyini bildirib.
Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən İ.Əliyev bu münasibətlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını bildirib.