“Həm OPEK-in, həm bir sıra beynəlxalq enerji agentliklərinin son günlər açıqladığı proqnozlara görə, yaxın müddətdə neftin qiyməti 55-70 dollar arasında dəyişəcək”
2015-ci ilin ilk 6 ayı əsas gəlirləri neftdən olan Azərbaycan üçün əsl sınaq dönəmi oldu – neft bumu başlayandan ilk dəfədir ki, qiymətlər dünya bazarında bu qədər aşağı düşdü. Ancaq Azərbaycan neft pullarının “fontan vurduğu” dönəmlərdə başlatdığı layihələri dayandırmadı. Təkcə yanvar ayı ərzində dövlət başçısı İlham Əliyev hökumətə iki dəfə neftin aşağı qiymətləri daxilində atılacaq addımlarla bağlı mesajlar verdi. Az sonra isə bəlli oldu ki, Azərbaycanın təbii qaz təchizatı ilə bağlı durum təsəvvür olunduğu kimi deyil – ölkədə təbii qaz qıtlığı var. Son bilgilərə görə, ilin sonunda Azərbaycan sənaye müəssisələrinin ehtiyacı üçün Rusiyadan qaz almağı planlaşdırır.
“Caspian Bareel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a müsahibəsində deyir ki, Azərbaycanda neft bumu artıq tarixə çevrilir, perspektiv planlar təbii qazla bağlıdır.
– İlham bəy, neft sektorunda nə baş verir, bu il üçün verilən proqnozlar özünü nə dərəcədə doğruldur?
– Ötən ilin noyabr-dekabrında 2015-ci il üçün neftin orta qiyməti ilə bağlı müxtəlif ssenarilərdə verilən proqnozlara görə, 1 barelin qiyməti 52-57 dollar arasında dəyişməliydi. İlin başlanğıcı ümumiyyətlə bu proqnozları daha da bədbinləşdirdi – “Brent” markalı neftin orta qiyməti 48 dollardan da aşağı düşdü. Buna görə də artıq ilin əvvəlindən dövlət başçısı İlham Əliyev Azərbaycan hökumətinə xərcləmə siyasətində ehtiyatlı davranmaqla bağlı mesajlar verdi. Bu ilin büdcəsi tərtib olunanda enerji bazarında belə böhran yaranmamışdı və ona görə də xərclər ən yüksək həddə götürülüb – 21,1 milyard manat. I rübün yekunu olaraq “Brent” markalı neftin orta qiyməti 53,69 dollar, II rübün yekunlarına görə – 61,92 dollar olub. Bu ilin I yarımilini “Brent” dünya bazarlarında 57,81 dollarla başa vurub. Azərbaycan neftinin bazara çıxardığı neftin və kondensatın təqribən 85%-ni təşkil edən BTC FOB Ceyhan markası altında satılan neftin orta qiyməti isə təqribən 59 dollar ətrafında olub. Yəni ötən il verilən proqnozların optimist ssenarilərini də üstələyib.
– Bəs, ilin ikinci yarısı üçün proqnozlar necədir?
– Həm OPEK-in, həm bir sıra beynəlxalq enerji agentliklərinin son günlər açıqladığı proqnozlara görə, yaxın müddətdə neftin qiyməti 55-70 dollar arasında dəyişəcək. Özü də bu dəyişmə ziqzaqvari ola bilər. Çünki Yunanıstandakı hadisələr və İrana qarşı sanksiyaların aradan qaldırılması birjaların durumuna təsir göstərəcək. Ehtimal var ki, bazarlarda bir stabillik ab-havası hökm sürəcək və neftin 1 barelinin orta qiyməti 62-65 dollar arasında dəyişəcək. Yəni neft qiymətlərində kiçik də olsa artım ola bilər.
– Sizcə, neft qiymətlərinin proqnozları üstələməsi Azərbaycanın itkilərinin yerini doldura biləcəkmi?
“2015-ci il üzrə ACG-də neft hasilatının 700-800 min ton aşağı düşməsi planlaşdırılıb” |
– Bu baxış bucağından asılıdır. Azərbaycan neftinin 2014-cü ilin yekunlarına görə orta ixrac qiyməti 101 dollar idi. Bu yetərində yüksək rəqəm idi və ölkəyə ciddi gəlirlər daxil olurdu. Əgər biz optimist proqnozdan çıxış etsək belə, Azərbaycan neftinin illik orta ixrac qiyməti təqribən 63 dollar olacaq. Yəni, itkilərin yerinin doldurulması real deyil. 2014-cü ilin neft ixracında 86%-ı xam neft tutur. Çox təəssüf, Azərbaycan neft qiymətlərinin yetərincə yüksək olduğu illərdə xammal ixracını azaltmaq, bazara hazır məhsul çıxarmaq yönündə ciddi addımlar atmadı. Çox güman ki, yaxın illərdə də Azərbaycanın belə bir imkanı olmayacaq. Çünki əvvəlki illərlə müqayisədə Azərbaycanın gəlirləri daha azdır. Proqnozlar isə göstərir ki, neftin qiymətinin dünya bazarlarında artım tempi qarşıdakı illərdə zəif sürətlə baş verəcək.
– Azərbaycanın neft yataqlarında durum necədir? Hasilatda azalma tendensiyaları varmı?
– Azərbaycanda neft hasilatı azalır və bu, obyektiv səbəblərdən baş verir. İstənilən yataq ya qocalıq dövrünü yaşayır, ya da ehtiyatları intensiv işlədildiyindən hasilatın pik dövrü çoxdan arxada qalıb. Məsələn, “Azəri-Çıraq-Günəşli” yataqlarından 1997-ci ilin noyabrından indiyə qədər 370 mln ton neft çıxarılıb. 2010-cu ildən bu yana yataqlarda azalma tendensiyasi yaşanır. Azərbaycan geoloqlarının proqnozlarına görə, təkcə 2015-ci il üzrə ACG-də neft hasilatının 700-800 min ton aşağı düşməsi planlaşdırılıb. Hasilatın azalma prosesi bundan sonra hər il davam edəcək. Yəni neftin artan qiymətləri belə əslində azalan həcmləri kompensasiya etmək iqtidarında deyil. Bu bir reallıqdır.
– Bu tendensiya rəqəmlərdə necə ifadə olunur?
– 2014-cü ilin yekunlarına görə, Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsindən mənfəət şəklində 15,1 milyard vəsait daxil olmuşdu. Onu deyim ki, il ərzində “Şahdəniz” yatağının işlənməsindən gələn gəlirlərin məbləği 523 milyon dollar, Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində işlənən digər yataqlardan gələn digər gəlirlər isə cəmi 32,1 mln idi. İndi təsəvvür edin ki, neftin qiymətlərinin düşməsi və hasilatın azalması kimi amillərə görə Dövlət Neft Fonduna 2015-ci ilin 5 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından daxil olmaların həcmi 3 milyard 71 milyon dollar olub. Bu o deməkdir ki, il ərzində qiymətlər müəyyən qədər artarsa belə, AÇG-dən gələn gəlirlər 7 milyarddan çox olmayacaq. “Şahdəniz” və digər Fondun gəlirləri ilə birlikdə 8 milyard dollar proqnoz etmək olar. Ancaq ötən il Neft Fondunun ümumi gəlirləri 16 milyard dollardan çox idi. Yəni bu il Azərbaycanın mənfəəti yarıbayarı azala bilər.
– Hökumət risklərin azaldılması, yeni itkilərə yol verilməməsi üçün nələr edə bilər?
– Fikrimcə, hələlik yaxın və orta perspektivdə neft sənayesinin diversifikasiyası – yəni gəlirlərin idarə edilməsi, riskləri azaldılması üçün görülən tədbirlər elə bu sənayenin içərisində gedəcək. Hələ iqtisadiyyatın heç bir qolu neft sənayesi ilə nəinki yanaşı durmağa heç onun kölgəsi səviyyəsinə belə çatmağa qadir deyil. Nefti qismən qaz əvəzləyəcək, Azərbaycanda tamamən qaz-kimya sənayesi ortaya çıxa bilər.
– Azərbaycanın öz təbii qazını dünya bazarına çıxarması neft qədər siyasi və iqtisadi gəlirlər vəd edirmi?
(Davamı növbəti sayımızda)
Aygün Muradxanlı
Yeni Musavat