Avropa İttifaqı (Aİ) “Cənub qaz dəhlizi” çərçivəsində ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edir. Trend-in məlumatına görə, bu açıqlamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 8-ci Beynəlxalq Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransında bildirib.
Səfir qeyd edib ki, Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır: “Biz Azərbaycanla ticarət əlaqələrini davamlı inkişaf etdirmək niyyətindəyik. Enerji sahəsində uzunmüddətli əməkdaşlığın əsasları “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasına başlamaqla qoyulub. Aİ öz tərəfindən işlərin vaxtında başa çatması üçün bütün lazımi addımları atacaq. Biz layihənin reallaşdırılmasının vaxtında baş tutacağına şübhə etmirik və ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edirik”.
8-ci Beynəlxalq Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı Confidence Capital şirkəti və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir.
Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli, satışın mövcud vəziyyəti yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçiləri və mütəxəssisləri iştirak edir.