2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti $50-dan hesablana bilər. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Milli Məclisin iqtisadi siyasət komitəsinin bu günkü iclasında bildirib.
“Cari il üçün maliyyə təşkilatları, investisiya şirkətləri bir barel neftin qiymətini $50-55 səviyyəsində proqnozlaşdırır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Yəqin ki, gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti $50-dan hesablanacaq”, – deyə E.Rüstəmov bildirib.
2015-ci ilin dövlət büdcəsi bir barel neftin orta qiyməti $90 olmaqla hazırlanıb.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılır.