SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin ilk rübündə respublikada ilk qazdoldurma stansiyalarını (CNG) istismara verməyi planlaşdırır. Bu barədə bu gün jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Hökumət qarşımıza müəyyən vəzifə qoyub. “Azəriqaz” İstehsalat Birliyi bir neçə şirkətlə birgə qazdoldurma stansiyalarının layihələndirilməsinə başlayıb. Gələn il “Baku Bus” şirkəti Azərbaycana qazla işləyən avtobuslar gətirəcək. Bununla əlaqədar 2015-ci ilin birinci rübündə Bakı və ətraf qəsəbələrdə ilk CNG-lər açılacaq”, – deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 6 CNG inşa ediləcək, onların sayı ildən ilə artırılacaq.
“Azərbaycanda bir-birindən 180 km məsafədə yerləşən CNG inşa etməyi planlaşdırırıq. Bu, yaxşı iqtisadi və ekoloji səmərə verəcək. Bu layihə Gürcüstanda olduqca səmərəli oldu”, – deyə o vurğulayıb.