SOCAR səkkiz gün əvvəl dənizdə itkin düşmüş neftçinin cəsədinin tapıldığına dair məlumat yayıb.
Caspian Barrel-in SOCAR-ın saytına istinadən verdiyi məlumatda bildirilir ki,
“Azneft” İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 9 radələrində SOCAR və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.
SOCAR-ın məlumatında bildirilir ki, qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yardım göstərilib və hazırda hamısı evə buraxılıb.
Qeyd edək ki, oktyabrın 23-də saat 12 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş vermişdi. Hadisə nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda SOCAR və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılmışdı.
Həlak olanlar “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu, kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğlu və 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğludur.