“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının işlənilməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası üzrə podratçı şirkətlər 2014-cü ilin yanvar-sentyabr aylarında $969 mln. məbləğində sifarişlər yerinə yetiriblər ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 41,2% çoxdur. Bu barədə “BP-Azerbaijan” şirkətinin açıqlamasında bildirilir.
Bu məbləğdən 13 birgə müəssisə $240 mln., 27 dövlət müəssisəsi $65 mln., 180 kiçik və orta müəssisə $378 mln., BP-nin Azərbaycandakı layihələri üzrə xarici şirkətlər isə $286 mln. məbləğində sifarişlər yerinə yetiriblər.
2014-cü ilin yanvar-sentyabr aylarında sosial layihələrin reallaşdırılmasına investisiya qoyuluşları $3,84 mln. təşkil edib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənilməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları: BP (Böyük Britaniya – 35,78% – operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “İtochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
BTC layihəsinin iştirakçıları: BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); Eni (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), TOTAL (5%) və ONGC (2,36%) şirkətləridir.