2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın daxili bazarında neft məhsullarının istehlak həcmi 2,7 mln. ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili istehlak strukturunda 38,8% dizel yanacağı, 38,4% avtomobil benzini, 6,6% neft bitumu, 4,9% neft-kimya sənayesi üçün xammal qismində benzin, 4,8% aviasiya kerosini, 4,4% maye qaz, 1,4% sürtkü materialları, 0,6% mazut, 0,04% neft koksu, qalanı digər neft məhsullarının payına düşüb.
Hesabat dövründə avtomobil benzini (5,6%), dizel yanacağı (1,4%), neft-kimya səanyesi üçün benzin (36%), sürtkü yağları (9,4%), aviasiya kerosini (6,9%) və maye qazın (1,1%) daxili istehlak həcmlərində artım qeydə alınıb. Neft məhsullarının digər növlərinin istehlakında azalma müşahidə edilib.
DSK-nın məlumatına görə, 2014-cü il noyabrın 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 50,6 min ton avtomobil benzini, 6,2 min ton birbaşa qovulan benzin, 27,8 min ton aviasiya kerosini, 54,4 min ton dizel yanacağı, 12 min ton sürtkü yağı və 9,2 min ton neft bitumu var.