Bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Belə bir bəyanatla Azərbaycan hökumətinin 2014-cü ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş dünənki iclasında çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin”, – deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, “hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq”.
İlham Əliyevin fikrincə, dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb və digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir.
“Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər – sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq”, – deyə Prezident neft mövzusunu yekunlaşdırıb.
Seçmələr President.az saytındandır