Sentyabrın 20-də, Azərbaycan neftçilərinin peşə bayramı günündə Heydər Əliyev Mərkəzində SOCAR-ın yeni loqotipinin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə yeni loqotip nümayiş etdirilmiş, bununla əlaqədar hazırlanmış film göstərilmişdir. Bildirilmişdir ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 20 ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyasının icrası prosesində ölkəmizin neft-qaz sənayesi və onun avanqard qüvvəsi olan SOCAR şərəfli bir yol keçmişdir. Bu şirkət indiyədək Azərbaycanda müxtəlif adlar altında fəaliyyət göstərmiş onlarla neft-qaz müəssisəsinin tarixi varisidir. Dövlət Neft Şirkətinin inkişaf yolu onun ticarət nişanlarının, loqotiplərinin timsalında da öz parlaq təcəssümünü tapmışdır.
1994-cü ildə “Əsrin müqaviləsi” imzalanması mərasimində ölkəmizi Azərbaycan Neft Şirkəti təmsil etmiş, milli neft şirkətinin loqotipi də dövlət bayrağının rənglərinə uyğun çəkilmiş 3 hərfdən ibarət olmuşdur. SOCAR dünya neft bazarında öz ilk addamlarını məhz bu brendlə atmağa başlamışdır. Nə qədər sadə olsa da, həmin loqotip keçilmiş böyük yolun başlanğıcını əks etdirməklə tarixin ayrılmaz bir parçasıdır.
Yeni əsrin ilk illərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları SOCAR-ın qarşısında dünyanın modern, güclü, rəqabətədavamlı şirkətlərindən birinə çevrilmək vəzifəsi qoydu. 2006-cı ildə yeni loqotip qəbul edildi və Azərbaycan neftçilərinin gərgin zəhməti hesabına qarşıya qoyulmuş məqsədlərə nail olundu: SOCAR artıq dünyanın tanınan, sayılan və seçilən neft-qaz şirkətlərindən biridir. Şirkətin Gürcüstan, Türkiyə, İsveçrə, BƏƏ, Ukrayna, Rumıniya və başqa ölkələrdəki aktivləri, zavodları, kəmərləri, terminalları, limanları, treyder kompaniyaları, yanacaqdoldurma məntəqələri üzərində Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır, bu müəssisələr “SOCAR” brendi ilə çalışır, ölkəmizə iqtisadi səmərə gətirməklə yanaşı, Vətənimizin qüdrətini təbliğ və təcəssüm etdirir.
Bu gün Azərbaycan neft-qaz sənayesinin və onun lokomotivi olan SOCAR öz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyur. SOCAR-ın məramı əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyəti qabaqcıl təcrübəyə uyğun, şaquli inteqrasiya olunmuş çevik bir beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir. Təqdim olunan yeni loqotip daha mütəhərrik forma və aydın obrazları ilə SOCAR-ın qabaqcıl enerji şirkəti kimi dünya miqyasında effektiv fəaliyyət qurmaq və tanınmaq məqsədinə xidmət edəcəkdir.
Bu loqotip alov simvolu üzərində qurulmuşdur. Alov bəşəriyyətin inkişaf tarixində xüsusi yer tutur. Atəşpərəstlik, alova sitayiş Azərbaycan tarixinin bir hissəsidir. Alov – işıq, ümid, sülh və inkişaf rəmzidir. Alov – insanları birləşdirir və onlara enerjini paylaşmaqda kömək edir. SOCAR-ın inşası başa çatmaqda olan yeni inzibati binası da alov formasındadır. SOCAR insanlara ümid bəxş edən, sülhə və əmin-amanlığa, humanist bəşəri amallara xidmət edən, inkişaf və tərəqqiyə yönələn, müasir və aydın məqsədləri olan enerji şirkəti, tükənməz enerji mənbəyidir.
Yeni loqotip də Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolu ilə bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, güvənilən bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradacaqdır.
SOCAR-ın məqsədlərindən biri də dünya miqyasında yüksək keyfiyyətli məhsul və xidmətləri ilə alıcıların tələblərinin ödənilməsinə yönəlib. Yeni loqomuz SOCAR-a insanlara daha yaxın və qayğıkeş bir şirkət imici qazandırmağa yeni üfüqlər açır. Loqotipin diqqəti cəlb etməsi və asan tanınması da nəzərə alınmışdır. O, vizual effektlərlə işlənmək üçün daha mütəhərrikdir. Bu isə həm yerli, həm də beynəlxalq kontekstdə çevik bir şirkət kimi SOCAR-ın simasını daha yaxşı əks etdirəcəkdir.
Həmin gün Heydər Əliyev Mərkəzində “Bakı-2015 Avropa Oyunları” ilə SOCAR arasında rəsmi tərəfdaşlıq razılaşması da imzalanmışdır. Sazişə əsasən, SOCAR-ın Azərbaycan, İsveçrə, Gürcüstan, Rumıniya və Ukraynadakı yanacaqdoldurma məntəqələrində Avropa Oyunlarının təbliği nəzərdə tutulur.