Azərbaycan Dövlət Statistika Komitəsi nəhayət ki, ölkənin alternativ enerji mənbələri haqqında məlumatları açıqlayıb. Məlumatlar “Azərbaycanın enerji balansı 2013” hesabatında əksini tapıb.
2013-cü ilin nəticələrinə görə, Azərbaycanın külək stansiyalarında 800 min kVt /saat elektrik enerjisi istehsal olunub. Eyni həcmdə elektrik enerjisi günəş panellərində istehsal olunub. Bundan əlavə 134.1 milyon KVt /saat elektrik enerjisi məişət tullantılarının yandırılmasından alınıb.
Qeyd edk ki, 2013-cü ilin nəticələrinə görə Azərbaycanda 23,3 milyard kVt /saat elektrik enerjisi istehsal olunub. Yəni alternativ mənbələrdən alınan elektrik enerjisinin payı 2013-cü ilin yekunlarına görə, ölkənin ümumi enerji balansında 0,007% təşkil edib.
Qeyd edək ki, Azərbaycan hökuməti bəyan edib ki, 2020-ci ilədək alternativ enerjinin payını ölkənin ümumi enerji balansında 20%-dək yüksəldəcək. Hökumətin son ilər atdığı addımlar bunu göstərir ki, onlar bunu sadəcə hidroenergetikanı “Azərenerji”nin balansından çıxarıb Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə aid etməklə nail olmaq niyəindədirlər.
Ancaq hətta bu addım atılsa belə, yenə də Azərbaycan hazırkı inkişaf səviyyəsi ilə 20%-lik göstəriciyə nail olmaq iqtidarında deyil. Belə ki, Azərbaycanın su ehtiyatları buna imkan vermir və nəticədə son illər hidroelektrik stansiyaların ümumi enerji balansında payı 10%-dən 8%-dək azalıb.
Azərbaycanda Alternativ Energetika üzrə Dövlət Agentliyi 2009-cu ildə yaradılıb. O vaxtdan bəri, Dövlət Agentliyinin strukturu və idarəetmə sistemi vaxtaşırı dəyişib. 2013-cü ilin 1 fevralından isə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.Yəni 5 illik bir zaman sərf edib Azərbaycan hökuməti və açıqlanan məlumatlara görə, təqribən alternativ energetikaya 400 milyon manata yaxın sərmayə yönəldilib.
Maraqlıdır, alternativ enerjinin ölkənin ümumi enerji balansında payının 1%-ə çıxması üçün nə qədər vəsaitin xərclənməsi gərək olacaq və zaman keçəcək.