Xəbər verdiyimiz kimi, Avropa İttifaqı avqustun 1-dən Rusiyaya qarşı sektoral sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya hökumətinin 61% səhmə malik olduğu VTB Bank da sanksiyaya məruz qalıb.
2013-cü ilin mayında Azərbaycan Neft Fondu $500 mln investisiya qoyaraq VTB Bankda 2,95%-lik paya sahib çıxıb. Sanksiyalar VTB Banka və Neft Fondunun vəsaitlərinə necə təsir edir?
“Neft Fondu bu gün VTB Bankdakı səhmlərini satışa çıxarasa, onun itkisi təxminən $86 mln olardı”, – deyə maliyyə analitiki Samir Əliyev Turan-a bildirib.
Onun sözlərinə görə, Neft Fondu VTB Bankın səhmlərini alandan sonra onun qiyməti 4,9% ucuzlaşıb. Yəni ARDNF-nin ziyanı hazırda təxminən $24,5 mln təşkil edib. Bundan başqa, bu dövrdə Rusiya rublu dəyərini 14% itirib.
“Neft Fondunun rublla olan kapitalı təxminən $61,6 mln qiymətdən düşüb və ümumi itki $86 mln-dan olub”, – deyə Əliyev qeyd edib.
Bundan sonra necə olacaq? Neft Fondu Rusiya aktivlərimni satacaq, yoxsa bazarda vəziyyətin yaxşılaşmasını gözləyəcək? Ekspertin fikrincə, hər şey Qərblə Kremlin münasibətlərindən asılıdır. “Vəziyyət pisləşsə, Fondun itkiləri artacaq, tərəflər razılaşsa, əksinə”, – deyə Əliyev qeyd edib.
ARDNF-dən isə deyirlər ki “Fondun investisiya strategiyası uzunmüddətlidir, bu səbəbdən sanksiyaların investisiyalarımıza ciddi təsirini gözləmirik”.