İyulun 14-dən 16-dək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində 23 nəfərdən ibarət mühəndis-texniki işçilər qrupu üçün İSO 14001 “ekologiya” idarəetmə sistemi beynəlxalq standartı üzrə kurs təşkil olunmuşdur.
Şirkətin ekoloji layihələrin idarəedilməsi üzrə mütəxəssislərinin də iştirak etdiyi kurs 3 gün davam etmiş, iştirakçılara ISO 14001 standartının əsas mahiyyəti, üstünlükləri, standartın bütün maddələri və müəssisələrdə bu standartın tətbiqi məsələləri nəzəri və praktiki cəhətdən tədris olunmuşdur.
Kursda iştirak edərək imtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərin hər birinə sertifikatlar təqdim olunacaq. Beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində ISO 14001 “ekologiya” idarəetmə sistemi beynəlxalq standartının geniş tətbiq olunmasında fəal iştirak edəcəklər.
İlin sonuna qədər ətraf mühitin mühafizəsi, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində TTSİ-də yeni kursların təşkil olunması nəzərdə tutulmuşdur.