Bu gün dünya bazarlarında xam neftin qiymətləri İraqda hərbi münaqişə səbəbindən sürətlə artmaqda davam edir. Səhər birjalar açılandan neftin qiyməti ilk zamandaca 0,6% artıb.
Londonda ICE Futures birjasında Bakı vaxtı ilə saat 14.03-də Brent markalı neftin qiyməti 0,68 dollar artaraq 1 barel üçün 113,70-a çatıb. Bir gün əvvəl isə neftin qiyməti 111 dollar, ondan əvvəl isə 109,95 dollar idi.
Neftin artımı Amerikada da müşahidə edilir. Nyu-York əmtəə birjasında (NYMEX) isə WTI markalı neftin bir bareli artıq 107,03 dollar təşkil edib.
Bəs nədən dünya bazarında çoxdan belə müşahidə edilməmiş bir ajiotajlı artım yaşanır?
Təbii ki, bu İraqdakı gedən proseslərlə bağlıdır. İraq isə son zamanlar dünya bazarına ən çox neft çıxaran ölkə idi. Ona görə də indi bu ölkədə birdən birə müharibə ab-hahavası xəbərlərinin gəlməsi dünya neft bazarına çox kəskin təsir edib.
Qeyd edək ki, İraqda fəaliyyət göstərən silahlı hərəkat, hansı ki, rəsmi Bağdadı tanımır və özünü “İraq İslam Dövləti və Levanta” elan edib, Mosul kimi iri şəhəri ələ keçirəndən sonra, Beyci və Tikrit üzərində qismən nəzarəti də ələ keçirib və növbəti hədəf kimi ölkənin paytaxt ətrafını seçib.
Artıq belə bir ehtimal var ki, Yaxın Şərqdə yenidən böyük bir müharibə ocağı yaransın və bu da enerji obyektlərinə və o cümlədən infrastrukta nəticəsiz ötüşməsin. Ona görə də ölkələr treyderlərə neft alışını daha çox sifariş verməyə başlayıblar, bazarda tələbat tədricən artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.