Dövlət Neft Şirkəti “Qalmaz” yatağındakı 630 nömrəli quyunu qazmadan sonra istismara verib. Bu haqda SOCAR mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın II horizontuna qazılıb.
Quyuya sutkalıq 240 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaqdır.
Qeyd edək ki, “Qalmaz” yatağındakı 630 nömrəli quyu bu ilin fevralında qaşa çatdırılmışdı.
“Qalmaz” yatağı Bakıdan 75 km cənubda yerləşir. O, 1955-ci ildə açılmışdı. Ehtiyatları istifadə edildikdən sonra isə yeraltı qaz anbarı kimi istifadədədir. Ümumiyyətlə isə SOCAR-ın hazırda 2 yeraltı qaz anbarı var: “Qalmaz” və “Qaradağ”.