Azərbaycanın Energetika Nazirliyi və Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanaq. Bu barədə nazirliyin saytında məlumat verilir.
Sənədin cari ilin may ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində imzalanması planlaşdırılır.
Məlumatda vurğulanır ki, Azərbaycan Qafqaz regionunda Fransanın ən mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələri son illərdə dərinləşərək yeni mərhələyə qədəm qoyub.
“Anlaşma Memorandumu qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişafı sahəsində yeni perspektivlər yaradacaq”, – deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, iki ölkə arasında hazırda enerji sahəsində əməkdaşlıqda ən aktiv şirkət Total idi. O, “Şahdəniz” layihəsində qaz və kondensatın hasilatı ilə məşğul olur, Cənub Qafqaz boru kəməri (SCP) infrastruktur layihəsində payçı qismində iştirak edir və “Abşeron” yatağında kəşfiyyat işləri ilə məşğul olurdu. 2011-ci ildə “Abşeron”da iri qazkondensat yatağı açmaqla Total Azərbaycanda böyük perspektivlərə malik olduğunu ortaya qoydu. Bu səbəbdən də Total TANAP layihəsinə də qoşulmaq arzusunu ortaya qoymuşdu. Ancaq sonrakı dövr göstərdi ki, Fransa şirkəti həm Azərbaycanın ən iri qaz infrastrukturu layihəsindən imtina etdi və SCP layihəsindəki aktivlərini satmaq qərarına gəldi və Avropanın hədsiz maraq göstərdiyi “Şahdəniz” layihəsindəki payını tamamilə satışa çıxardı.
Azərbaycanın Fransa ilə enerji sahəsində ilişgiləri təkcə bununla bitmir. Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının alıcıları sırasında Gaz de France şirkəti də var. Ancaq 2019-cu ildən alınacaq bu qaz Fransa bazarına deyil, İtaliyaya gedəcək və Fransa şirkətinin buradakı enerji qurğularında istifadəyə yönəldiləcək.
Bundan əlavə bir sıra Fransa servis şirkətləri Azərbaycanın neft və qaz sektorunda uzun müddətdir ki, fəaliyyət göstərirlər.