Almaniyanın “E.ON” şirkəti Bakıda ofis açıb. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) məlumatında bildirilir.
Məlumata görə, cümə axşamı Bakıda SOCAR və “E.ON” şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü olub.
Görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev iki şirkət arasında əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirib. O, bu gün Azərbaycan üçün mühüm olan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi irimiqyaslı beynəlxalq layihələrə qədəm qoyduğumuz bir ərəfədə SOCAR və “E.ON” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Komitə çərçivəsində müxtəlif təqdimatlar keçirilib.
Tədbirin sonunda görüşün protokolları imzalanıb.
“E.ON SE” Almaniyanın iri enerji şirkətidir və mənzil qərargahı Düsseldorf şəhərində yerləşir.