Naxçıvan Muxtar Respublikasının Nehrəm duz yatağı bazasında, “Tumbul” sahəsində qaz anbarının yaradılması məqsədi ilə işlər aparılır.
Ərazidə seysmik kəşfiyyat işləri aparılıb, 1 və 2 nömrəli kəşfiyyat quyuları qazılıb. Gün.Az SOCAR-a istinadən xəbər verir ki, hazırda isə “Tumbul” sahəsində 4 saylı kəşfiyyat quyusunun qazılmasına başlanılıb.
Şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən Miosen çöküntülərinin Konq+Karaqan mərtəbəsinə qazılan quyunun layihə dərinliyi 580 metrdir. Quyu lüləsinin kəsilişində duz laylarının öyrənilməsi məqsədi ilə 490-560 metr intervaldan fasiləsiz süxur nümunələrinin götürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu il “Tumbul” sahəsində daha iki kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.