“Ukrayna böhranının ardınca Avropa İttifaqı (Aİ) şist qaz yataqlarının tədqiqatında “daha az emosional” davranaraq Rusiya qaz idxalından asılılığına son qoymalıdır”. “BusinessEurope” (“Avropa Biznes Lobbi” qrupu), Aİ biznes assosiasiyasının rəhbəri “Euractiv” xəbər portalına müsahibəsində belə deyib.
“BusinessEurope” qrupunun baş katibi Markus Beyrer qitənin enerji asılılığına son qoymaq üçün Aİ liderlərini və maraqlı tərəfləri Avropada şist qazının çıxarılması və tədqiqatına “emosional” yanaşmamağa çağırıb.
Kiyevlə Moskva arasında artan münaqişəyə istinad edərək o bildirib ki, “Hesab edirik ki, iqlim siyasətini, eyni zamanda, xərclərin rəqabətliliyini və təchizatın təhlükəsizliyini balanslaşdırmalıyıq. Əlbəttə, bu yaxınlarda təchizatın təhlükəsizliyi məsələsinə “xaricdən asılılıq” kimi yeni element daxil olub. Sözsüz ki, enerji effektivliyinin və bərpa olunan enerji mənbəyinin bunda rolu var. Kəmiyyətdən danışdıqda bu kifayət eləmir. Ona görə də biz şist qazı da daxil olmaqla, daxili resurslardan başlamaqla, digər variantlar üzərində daha rasional, qeyri-emosional müzakirələr aparmalıyıq”.
Elmi əsaslar
Beyrerin fikrincə, şist qazı kimi qeyri-ənənəvi yanacaq növlərinə “doqmatik” etirazların kifayət qədər elmi əsası yoxdur.
“Mən deyərdim ki, sizin eşitdiyiniz arqumentlərin 90 faizi reallıqdan uzaqdır”, – Beyrer deyib. Hərənin öz məntiqi ilə bu variantdan imtina etməsinin çıxış yolu olmadığını bildirən Avropa biznes təşkilatlarının rəhbəri “risklərin idarə olunmasını” təklif edib.
“Bu, hər hansı inkişafın qarşısını almış olar. Bu hadisələrdən qabaq bütün risklərin dəyərləndirilməməsi deyil, risklərin idarə olunması deməkdir. Fikrimizcə, risklərin idarə olunması üçün real imkanlar var, lakin nəsə əldə etmək üçün heç olmasa tədqiqatlara başlamalıyıq”, – o əlavə edib.
“Düşünürük ki, metanla bağlı başlayan müzakirələrimiz su kranından axacaq – bunlar reallıqdan uzaq fikirlərdir. Suyun təmizlənməsi, suitilərlə bağlı bir sıra məsələlər var, lakin biz əvvəl tədqiqatlara başlamalı, sonra problemlərin həllini tapmalıyıq”, – Beyrer deyib.
Qeyd edək ki, Beyrerin şist qazla bağlı fikirləri “Friends of the Earth” (“Planetin dostları”) təşkilatının şist qazı əleyhinə kampaniyasının təşkilatçısı Antuan Simonu acıqlandırıb.
“Görünür, bu məsələni ciddi qəbul etməyən təkcə “BusinessEurope” təşkilatıdır. Hətta Aİ Komissiyası ötən il ekoloji təsirlə bağlı yerin səthində və torpağın üstündə çirklənmə təhlükəsinin ən yüksək səviyyədə olduğunu göstərən hesabat yaymışdı. “Stanford” Universiteti, “Duke” Universiteti, “MİT” Universiteti tərəfindən bununla bağlı saysız araşdırmalar aparılıb. Söhbət geniş sahəni əhatə edəcək əsas risklərdən gedir”, – Simon bildirib.
Qazma xərcləri
Ekologiya kampaniyası fəalları şist qazının enerji mənbələrində nisbətinin “cüzi” olacağını, bunun enerji təhlükəsizliyi məsələsinə heç bir dəyişiklik etməyəcəyini bildirirlər. Bundan əlavə, qazma işlərinin də xərci nəzərə alınmalıdır.
“Şist qazı sənayesi daimi, yeknəsəq bir işdir. İstehsalat başlayanda, hasilat o qədər sürətlə başa çatır ki, istehsalın bir qayda üzrə davam etməsi üçün təcili yeni quyular qazmaq lazım gəlir. 2012-ci ildə ABŞ-da şist qazı və neft hasilatı üçün 30 min yeni quyu qazılmışdı. Bu həddindən çox bahadır”, – Simon bildirib.
“ABŞ-da quyuların qazılması 4 milyon avroya başa gəlirsə, fərqli geoloji quruluşuna görə bu, Avropada 2-3 dəfə çox ola bilər”, – “Deusche Bank” və “KPMG” audit konsaltinq şirkətinin apardığı araşdırmalardan sitat gətirən “Planetin dostları” təşkilatı bildirib.
Təlaşlanmaq lazım deyil
“BusinessEurope” həmçinin Rusiyanın güzəştindən qabaq başqa enerji mənbələrindən istifadə etməyə çalışan Ukraynada baş verənlərlə bağlı xəbərdarlıq edib.
“Təlaşlanmağa heç bir səbəb olmasa da, vəziyyət əvvəlki illərə nisbətən daha yaxşıdır, çünki havalar istidir və ehtiyatlar tam doludur. Məncə, hal-hazırda ciddi çətinlik yoxdur. Orta və uzunmüdətli dövr üçün daha az asılılıq istiqamətində çalışmağa yaxşı səbəblərimiz var”, – Beyrer ümidlə bildirib.
Digər mənbələr
Ətraf mühitin mühafizəçiləri üçün Avropa bərpa olunan enerji mənbələri və enerji effektivliyinin təkmilləşdirilməsi kimi digər variantlar üzərində düşünməlidir.
Başqa mənbəyə istinad edərək bildirilir ki, “ambisiyalı enerji qənaəti siyasəti” ilə 2030-cu ilə qədər ildə 250 milyard avroya qənaət etmək olar. Bu ən təmiz, ucuz və geosiyasi baxımdan ən təhlükəsiz yoldur. Bərpa olunan enerji mənbələrinə gəldikdə, Simon 2013-cü ildə ən çox enerjini külək enerjisindən əldə etdiyini bildirən İspaniyanı misal çəkib.
“BusinessEurope” isə bu cür düşünmür. Aİ Komissiyasının “az ambisiyalı” 2030-cu il enerji və iqlim hədəflərini salamlayan baş direktor enerji effektivliyi və bərpa olunan enerji mənbələri təklifini bəyənsə də, bunun kifayət etməyəcəyini düşünür.
“Əlbəttə, enerji effektivliyinə, bərpa olunan enerji mənbələrinə ehtiyacımız var, lakin bu üç hədəfin həmişə qarşılıqlı şəkildə təhrif olunaraq yalnış nəticələrə gətirdiyinin şahidi olmuşuq”, – o deyib. Bu, yarımçıq hədəflərlə bizim Avropada ortaya çıxardığımız çox baha başa gələn sistemdir. Daha çox pula daha az istehsalın olduğu təhrif olunmuş bir sistemdir. Bu sistem Avropada enerji qiymətlərinin qalxmasının, bizim qlobal rəqabət və sənayemizin təhlükədə olmasının əsas səbəbidir.
Mövqelər:
Avropa polad sənayesinin 64 icraçı direktoru Brüsseldəki yaz iclasından qabaq hökumət başçılarına açıq məktub imzalayıblar. Məktubda hökumətləri Avropa iqtisadiyyatının əsası olan sənayelərin rəqabətini qorumaq üçün sənaye, enerji və iqlim siyasəti arasında balansı bərpa erməyə çağırıblar.
Ukraynadakı hadisələrlə bağlı qeyri-müəyyənlik təchizatın təhlükəsizliyi və Avropada artan enerji qiymətləri arasında korrelyasiyanı bir daha göstərib.
Rusiyanın “Qazprom” şirkəti 2013-cü ildə Aİ və Türkiyəni 162 milyard m3 qazla təchiz edib. Bunun 86 milyard kub metri Ukrayna vasitə ilə nəql olunmuşdur. “Qazprom” borclara görə Ukraynaya qaz verilməsini dayandıracağını bildirmişdi. Mərkəzi avropalılar Rusiyanın Krımı işğal etməsi nəticəsində, Rusiya və Qərb arasında gərginliyin yenidən yüksəlməsindən qorxurlar.
Mətbuat analitikləri “Euractiv” xəbər portalına bildiriblər ki, ABŞ təbii qazı Avropaya 2016-cı ildən tez çatmayacaq. Beləliklə bu, Ukraynanın indiki böhran vəziyyətində çıxış yolu ola bilməz.
Enerji effektivliyi və bərpa olunan enerji mənbələri Avropanın enerji təchizatında rol oynasa da, bu kifayət deyil. Polad sənayesi alternativ, daxili Avropa resursları haqqında bir az da geniş düşünməyə çağırır.
“EUROFER” şirkətinin baş direktoru Gordon Moffat deyib: “Enerjinin əldə olunması həmişə ekoloji çağırışlarla doludur. Biz Avropada şist qaz yataqlarının tədqiqatları ilə bağlı qayğıları başa düşürük. Avropada çox geniş sahəni əhatə etməyən bu sahənin tənzimləyici infrastrukturu da ABŞ-dakından çox fərqlənir. Hər halda, Avropanın öz qaz təchizatı mənbələrini dəyişməsi çox vacibdir. Avropa öz rəqibləri ilə böyük enerji qiymətləri fərqlərinin həlli yolunu tapmalıdır. Avropanın bu istiqamətdə bütün ehtiyat tədbirlərinə riayət etməklə, şist qazı yataqlarının tədqiqatına davam etməkdən başqa çıxış yolu yoxdur.