Bu axşam Ukraynadakı gərginliyi azaltmaq üçün ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Lavrov Krımın anneksasiyasından sonra Rusiyanın Şərqi Ukraynanı işğal etmək üçün heç bir planının olmadığını iddia edir. Xəbəri “Reuters” agentliyi yayıb.
ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla bazar günü görüşündən qabaq şənbə günü Parisə gəlib. ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışıqlarının ardınca Kerri ABŞ-a geri qayıtmasını təxirə salıb. Yüksək diplomatların görüşü elə bundan sonra təşkil olunub.
Rusiya Şərqi Ukraynanı işğal etmək niyyətinin olması ilə bağlı qorxuları azaltmağa çalışır, ona görə də bu görüş baş tutacaq. Rusiya hərbi qüvvələrinin Ukrayna sərhəddinə toplanmasına baxmayaraq, Lavrov Rusiya televiziyasına bildirib ki, “Bizim nə Ukrayna sərhədlərini keçmək niyyətimiz, nə də buna marağımız var”. Kreml və Qərb arasında dialoq qurulmasına çalışan Putinin Obamaya zəngindən sonra Lavrov bu sözləri deyib.
Prezidentlərin danışığından sonra Kerri və Lavrov da şənbə günü telefonda danışmış və bazar gününə görüş təyin etmişlər.
Lavrov televiziya çıxışında Rusiyanın Şərqi Ukraynada rusdilli əhalinin hüquqlarını qorumağa hazır olduğunu bildirmişdi.
ABŞ rəsmiləri isə Ukrayna sərhədlərində 40 min nəfərlik hərbi qüvvənin yerləşdiyini güman edirlər. “Biz bunu Ukraynaya konkret təhdid və gələcək işğallara potensial kimi qiymətləndiririk. Qorxuram ki, bu hələ Putinə bəs eləmir”, – NATO baş katibi Anders Foq Rasmussen bildirib.