Aprelin 25-də Brüsseldə Türk Əlaqələndirmə Platformasının təşəbbüsü ilə Azərbaycan enerji daşıyıclarının Avropaya nəqli məsələsinə həsr olunmuş tədbir keçirilmişdir.
SOCAR-ın mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, Təşkilatın ənənəvi olaraq keçirdiyi bu tədbirlərin növbəti qonağı SOCAR-ın Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov olmuşdur.
Vüsal Məmmədov Azərbaycan enerji daşıyıcılarının Avropaya nəqli layihələri, xüsusilə də Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri layihələri (TANAP və TAP) haqqında iştirakçılara məlumat vermiş, ”Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Avropaya nəql edəcək boru kəmərlərinin marşrutu və gələcəkdə genişlənmə potensialı barədə ətraflı söz açmışdır. O, “Şahdəniz-2” layihəsinin Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyət kəsb etdiyini, təchizat diversifikasiyası üçün əlavə imkanlar yaratdğını bildirmiş, iqtisadi inkişafa təkan verən sərmayələrin cəlb olunmasında və yeni iş yerlərinin açılmasında mühüm rol oynadığını qeyd etmişdir.
SOCAR nümayəndəsi “Şahdəniz” qazının Avropaya nəqlinin Azərbaycanın strateji maraqlarına xidmət etdiyini vurğulamış, bu layihənin Azərbaycanı beynəlxalq miqyaslı etibarlı qaz təchizatçısına çevirəcəyinə əminliyini bildirmişdir.