SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov “Natural Gas World” dərgisi üçün müsahibə verib. “Caspian Barrel” həmin müsahibənin tam mətnini dərc edir.
– SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2018-ci ilin 1-ci rübünün istehsal göstəricilərini, plan və tapşırıqlarını necə başa vurdu?
– Ötən üç ay SOCAR-ın “Azneft” İstehsalat Birliyi iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın təmin edilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görüb.
“Azneft” İstehsalat Birliyi 2018-ci ilin yanvar-mart ayları üçün qarşıya qoyulmuş hasilat planını artıqlaması ilə yerinə yetirmişdir. SOCAR və “Azneft” İstehsalat Birliyi üzrə neft hasilatının stabil saxlanılması və təbii qazın hasilatının artırılması üçün əsasən 3 istiqamətdə kompleks tədbirləri həyata keçirməyə davam edirik:
- bir çox fəaliyyətsiz quyularda hasilat bərpa edilmişdir
- mövcud quyuların effektli istismar edilməsi üçün geoloji-texniki tədbirlər görülmüşdür
- qazma işlərinin ümumi həcmi artırılmışdır.
Bu ilin ilk rübündə “Azneft” İstehsalat Birliyi üzrə 1,5 milyon ton neft hasil edilmişdir. Bundan başqa, neftçilər 1,4 milyard kubmetr qaz hasil edərək, planı artıqlaması ilə yerinə yetirmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı 8% artıb.
Qaz hasilatındakı artım əsasən N.Nərimanov adına NQÇİ-dəki artımın sayəsində olmuşdur. Ümumiyyətlə, qaz hasilatının idarələr üzrə bölgüsünə nəzər yetirdikdə hasilatın 98,7%-i dəniz yataqlarının(“28 May” NQÇİ – 79%, N.Nərimanov adına NQÇİ – 17,4%, “Neft Daşları” NQÇİ – 1,6% və “Abşeronneft” NQÇİ isə 0,7%), 1,3%-i isə quru yataqlarının payına düşür. Ümumi qaz hasilatının 74,4%-i təbii qazın, 25,6%-i isə neftli qazın (səmt qazı) payına düşür.
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən üç ayda da uğurla davam etdirilib. Belə ki, “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 15 quyu qazılaraq istismara verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 5 quyunun artıq qazılması deməkdir. Yeni quyuların qazılması nəticəsində neft hasilatının artımı planlaşdırılmış hasilat artımını 23% üstələmişdir.
Ötən üç ayda fəaliyyətsiz quyu fondundan 12 quyu planlaşdırıldığı halda, faktiki olaraq 29 quyu istismara qaytarılmışdır. Bu quyulardan planlaşdırılandan 65% çox neft hasil edilmişdir.
Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olmuşdur. Belə ki, cari ilin əvvəlindən 179 geoloji tədbir keçirilmiş, nəticədə bu quyulardan plana qarşı 2 dəfədən artıq neft hasil edilmişdir.
-Cari il üçün hasilat proqnozları necədir? Adətən, son illər hasilat həm neft, həm də qaz hasilatında azalmaya doğru gedir. Ümumiyyətlə, orta və uzunmüddətli proqnozlar necədir? “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqlarda bu tendensiya davamlı olacaq, yoxsa müəyyən işlənməkdə olan yataqlarda dönüş yaradılması perspektivləri varmı?
– 2018-ci ildə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin qarşısına işlənmədə olan 28 yataqdan 6,2 milyon ton neft-kondensat, 5,5 milyard kubmetr həcmində qaz hasil edilməsi dövlət plan-tapşırığı kimi qoyulmuşdur. Plan-tapşırıqların yerinə yetrilməsi üçün fasiləsiz olaraq yataqlarda keçici fond quyuları üzərində geoloji-texniki, profilaktiki tədbirləri həyata keçiririk. Eyni zamanda, fəaliyyətsiz fonddan quyuların istismara qaytarılması üçün təmir işləri və daha böyük potensiala malik yataqlarda qeyd edilən tədbirlərlə bərabər qazma işlərini davam etdiririk. Görülmüş işlərin nəticəsi olaraq ilin əvvəli ilə müqayisədə yataqlar üzrə hasilatın təbii düşmə tempinin qarşısını aldıq, bir sıra yataqlarda isə hasilatda nəzərə çarpaçaq artım əldə edə bildik.
Bildiyiniz kimi, hasilatın əsas hissəsi – 60%-dən çoxu Günəşli yatağının hesabına realizə olunur. Yatağın işlənməsinin üçüncü mərhələsində olmasına baxmayaraq, operativ tədbirlərlə hasilatın düşməsinin qarşısını aldıq. Nəticədə ilin əvvəli ilə müqayisədə gündəlik hasilatda 5%-ə qədər artıma nail olduq. Digər böyük yataqlar üçün də oxşar göstəriciləri qeyd etmək mümkündür. Belə ki, “Neft Daşları”, “Darvin bankası”, “Qərbi Abşeron” və s. yataqlarda hasilatda nəzərə çarpacaq artım əldə etmişik. Birinci rübün yekunlarına görə mövcud vəziyyətin təhlili və görüləcək işlərdən gözlənilən nəticələr ilin sonuna qədər hasilat artımının daha da çox olacağını göstərir. Belə ki, mövcud yataqların işlənmə göstəricilərinə görə, 2018-ci ildə 6,3 milyon ton neft-kondensat, 5,6 milyard kubmetr həcmində qaz hasil edilməsi proqnozlaşdırılır. Bu isə, 2017 ci ilin göstəricilərindən neft-kondensat üzrə 2.7%, qaz üzrə isə 3.5% artım deməkdir. Növbəti illərdə də hasilatın stabil saxlanması və mümkün qədər artırılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
– Bəs yeni yataqların işlənməsi üzrə hansı işlər görülür?
– Yeni yataqların işlənməyə verilməsi üçün işlərimizi əsas iki istiqamətdə davam etdiririk:
Birinci istiqamət neft-qazlılığı sübut olunmuş strukturların işlənməyə cəlb edilməsidir. Bu məqsədlə “Qarabağ” yatağının işlənməyə verilməsi üçün bu günlərdə detallı layihələndirilmə işlərinə başlanılmışdır.
İkinci istiqamət isə perspektivli strukturların öyrənilməsi, onlarda axtarış-kəşfiyyat quyuları qazımaqla neft-qazlılığının aşkar edilməsi və işlənməyə verilməsidir. Bu məqsədlə geoloji-geofiziki çöl işləri davam etdirilir. Belə ki, növbəti ildə Xəzər dənizinin cənub istiqamətində quru-dəniz keçid zonasını öyrənməklə yeni perspektivli sahələrin aşkarlanması proqnozlaşdırılır.
– “Azneft” İstehsalat Birliyinin yeraltı qaz anbarlarının modernləşdirilməsi və onların hazırkı durumu ilə bağlı vəziyyət nə yerdədir? Bu iki yeraltı qaz anbarlarına payız-qış mövsümünə hazırlıq məqsədi ilə qaz vurulması başlayıbmı?
– Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması və anbarların modernləşdirilməsi istiqamətində işləri davam etdiririk. Yəni, yeraltı qaz anbarlarının modernləşdirilməsi “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçiririk.
Bu qəbildən “Qalmaz” yatağında əlavə 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. “Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VIIa horizontunun tam bərpa edilməsi nəzərdə tutulur ki, bunun da nəticəsində 1 milyard kubmetr əlavə qaz həcmi yaradılacaqdır. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq.
Hazırda, mövsümi keçid dövrüdür. Qaz anbarlarına qazın vurulması 12.04.2018-ci il tarixindən etibarən başlanılmışdır.
“Azneft” İstehsalat Birliyinin iqtisadiyyatına nəzər yetirdikdə, qaz sektoru onun gəlirlərinin xüsusi çəkisində hansı çəkiyə malikdir? Qaz biznesiniz rentabellidirmi?
SOCAR-ın “Azneft” İstehsalat Birliyi ölkəmizin enerji təhlükəsizliyndə mühüm rol oynamaqla, hasil etdiyi qazı daxili bazarda “Azəriqaz” İstehsalat Birliyinə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən muəyyən edilmiş qiymətlərlə satır. Xərclər nəzərə alınmadan “Azneft” İstehsalat Birliyinin gəlirlərində qaz sektoru 15% xüsusi çəkiyə malikdir.