İran tərəfinin yaydığı məlumata görə, görüşlər zamanı İran İslam Respublikası və Azərbaycan Respublikası arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Caspian Barrel İranın Shana agentliyinə istinadən xəbər verir ki, dekabrın 8-də İran İslam Respublikasının neft naziri Cavad Ovci Azərbaycan nümayəndə heyətini başda SOCAR prezidenti Rövnəq Abdullayev olmaqla qəbul edib.
İranın neft naziri iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişafını vurğulayıb.

Daha sonra agentlik məlumat verir ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı fonunda tərəflər Türkmənistan, İran və Azərbaycanın Aşqabadda imzaladıqları üçtərəfli qaz mübadiləsinə dair sazişin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Neft nazirliyinə yaxınlığı ilə seçilən Shana agentliyi görüşdə qaz məsələsinin reallaşması ilə bağlı tərəflərin fikirlərinə dair hər hansı əlavə bir məlumat verməyib.

Yalnız o vurğulanıb ki, Azərbaycan nümayəndə heyətinin İranın neft naziri ilə görüşündə həmçinin Xəzər regionunda enerji əməkdaşlığının inkişafı və gücləndirilməsi müzakirə obyekti olub.