logo

“Şahdəniz” yatağından I yarımillikdə qaz hasilatı 12% artıb

Views: 740

2020-ci ilin birinci yarısında “Şahdəniz” konsorsiumun bu yatağın işlənməsi çərçivəsində xərcləri $861 milyon təşkil edib, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 7,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a BP-Azerbaijan şirkətindən məlumat verilib.

“2020-ci ilin birinci yarısında layihə üzrə istismar xərcləri $409 milyon, əsaslı xərclər də $452 milyon təşkil edib. Əsaslı xərclərin əsas həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin payına düşüb”, – şirkətdən qeyd olunub.

Məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından 9,4 milyard kubmetr qaz (artım 11,9% – İF) və 15,4 milyon barrel kondensat (1,9 milyon ton) hasil olunub. Hazırda yatağın ümumi hasilat gücləri sutkada 56 milyon kubmetr və ya illik 20 milyard kubmetrdən çoxdur.

“Hazırda Mərhələ-2 çərçivəsində “Xankəndi” gəmisi vasitəsilə susaltı işlər davam edir, Həmçinin, plana əsasən sualtı avadanlığın quraşdrılması işləri davam edir ki, 2021-ci ildə “Şahdəniz” yatağının cənub-şərq cinahında hasilata başlanılsın”, – şirkətdən bildirilib.

“Mərhələ-2” çərçivəsində qaz hasilatı məqsədilə 18 quyu qazılıb, onlardan 16 quyunun qazma işləri başa çatıb. Həmçinin, yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Məlumata görə, 2020-ci ilin ikinci rübündə “Alpha” platformasından yeni quyular qazılmayıb. Bu dövrdə platformada profilaktik işlər aparılıb. Bu dövrdə platformada profilaktik işlər aparılıb.

Şirkətdən həmçinin qeyd olunur ki, 2020-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik orta ötürücülük gücü 32,8 milyon kubmetr olub. Bu dövrdə CQBK-yə xidmətə əsaslı xərclər 5 milyon dollar, istismar xərcləri 22 milyon dollar təşklil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə “Şahdəniz” yatağından 16,8 milyard ton qaz və 28,6 milyon barrel kondensat hasil olunub (təxminən 3,5 milyon ton).

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

interfax

0

Your Cart