logo

Rusiya OPEC-in neft hasilatının daha da azaldılması təklifini dəstəkləyir

Views: 58

Rusiya OPEC-in neft istehsalını daha da azaltmaqla bağlı təklifini dəstəkləyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, ölkəsi koronavirusun səbəb olduğu qlobal neft tələbatındakı azalmanı kompensasiya etmək üçün “OPEC+”un hasilatı dərinləşdirmək təklifini dəstəkləyir.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsinin (JTC) neft hasilatının daha 600 min barrel azaltmağı tövsiyə etdiyi bildirilir. “OPEC+” koalisiyası dünya neftinin 40 faizdən çoxunu təmin edir.

Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib. Lakin iclasın fevralda təşkili istisna edilmir. Belə ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 18 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.

2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

0

Your Cart