logo

Bakı Ər-Riyadla enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Views: 266

Səudiyyə Ərəbistanı Azərbaycana “Yol Xəritəsi”nin tərtib olunmasını və şirkətlərin qarşılıqlı fəaliyyətinin təmin edilməsi təklifini irəli sürüb.

Bu təklif Azərbaycan Energetika naziri Pərviz Şahbazovun Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman irəli sürülüb.

Caspian Barrel Energetika nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə tarixi köklərə malik, dostluğa əsaslanan ikitərəfli münasibətlərin iqtisadi, o cümlədən enerji sahəsində inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və investisyaların cəlbi ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı ilə OPEC+ çərçivəsində, eləcə də ikitərəfli formatda əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi, ölkənin neft-qaz, bərpa olunan enerji sahələrində mövcud vəziyyət, planlaşdırılan layihələr və yeni imkanlar barədə ətraflı məlumat verib.

Nazir yeni əməkdaşlıq təkliflərinin reallaşdırılması istiqamətində mühüm addım kimi iki ölkənin müvafiq nazirlikləri arasında birgə Texniki Komissiyanın fəaliyyətini qeyd edib.  

İbrahim bin Əbdülrəhman əl-Ömər isə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla kənd təsərrüfatı, turizm, nəqliyyatla yanaşı enerji sektorunda əməkdaşlığı genişləndirməkdə və investisya qoymaqda maraqlıdır. Bunun üçün “Yol Xəritəsi” tərtib olunmalı və şirkətlərin qarşılıqlı fəaliyyəti təmin edilməlidir.

Görüşdə neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətlərinin iştirakı, eləcə də bərpa olunan enerji üzrə “ACWA Power” şirkəti ilə anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.

0

Your Cart