Azərbaycan

“Gazprom” qazı SOCAR-ın xoşuna gəlib – YENİLƏBİB

Azərbaycan “Gazprom”a qaz idxalı müqaviləsini 2020-ci ilədək uzatmağı təklif edib

Azərbaycanın Rusiyadan qaz alışı həcmi illik 1 mlrd. kubmetrədək təşkil edə bilər.

“Bloomberg”in məlumatına görə, bunu SOCAR şirkətinin vitse-prezidenti Elşad Nəsirov Minskdə jurnalistlərə bildirib.

Caspian Barrel xatırladır ki, oktyabrın 22-də SOCAR “Qazprom” PSC-dən əlavə qaz almağı planlaşdırmadığına dair bəyanatla çıxış etmişdi. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat vermişdi.

«SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oktyabrın 12-də Sankt-Peterburqda “Gazprom”un rəhbərliyi ilə görüşü zamanı əməkdaşlığın müxtəlif perspektiv istiqamətləri müzakirə olunub. Rusiyadan Azərbaycana əlavə qaz tədarükü ehtimalına gəlincə, bu məsələ nəzərdən keçirilmir və əlavə tədarük planlaşdırılmır», – deyə o bildirmişdi.


Yenilənmiş hissə:

Ötən müddətdə SOCAR-ın Rusiyadan qaz almaqla bağlı mövqeyində hər hansı dəyişiklik baş verməyib. Bunu Caspian Barrel-ə  açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov bəyan edib.

“Heç nə dəyişmədi, sadəcə mətbuat nümayəndələri Elşad Nəsirovu Minskdə səhv anlayıblar. O deyib ki, SOCAR-ın “Gazprom” ilə hazırda hələ 2020-ci ilə qədər qüvvədə olan müqaviləsi var. Lakin gələn il üçün bu məqavilədən kənar yeni müqavilənin bağlanması və bundan əlavə qaz həcmlərinin əldə edilməsi gündəmdə deyil”, – Əhmədov SOCAR vitse-prezidentinin söylədiklərindən sitat çəkib.


“Gazprom” PSC-nin mətbuat xidmətindən verilən məlumata görə,  Aleksey Miller və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycana qaz tədarükü məsələsini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, respublikaya qaz ixracının bərpa edildiyi 2017-ci il noyabrın 22-dən etibarən “Gazprom” Azərbaycana 1,15 mlrd. kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

21 noyabr 2017-ci il tarixində “Gazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükü haqqında müqavilə imzalanıb. Tədarükə noyabrın 22-dən başlanılıb. 1 illik müqavilə çərçivəsində Azərbaycana 1,6 mlrd. kubmetr Rusiya qazının tədarükü planlaşdırırlır.

Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib.

Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ilin 9 ayında Azərbaycan Rusiyadan 800 mln. kubmetr təbii qaz idxal edib.

Qeyd edək ki, Azərbaycan 2016-cı ilin payızından başlayaraq İran üzərindən olmaqla Türkmənistan qazını idxal edir. Cari ilin 9 ayının nəticələrinə görə, idxal qazını Azərbaycan tərəflər arasında yarıbayarı bölüşdürür.