Maraqlı Xəbərlər

Sentyabrda OPEC-in neft hasilatı artıb

Sentyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in neft hasilatı sentyabrda avqust ayı ilə müqayisədə 132 min barrel artaraq gündəlik 32 milyon 760 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 33,1 faizə yüksəlib.

Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Səudiyyə Ərəbistanı, Liviya və Anqola olub. Səudiyyə Ərəbistanın neft hasilatı 108 min barrel artaraq gündəlik 10 milyon 512 min barrelə çatıb. Liviyanın istehsalı 103 min barrel çoxalaraq sutkalıq 1 milyon 53 min barrel, Anqolanın neft hasilatı isə 57 min barrel artaraq gündəlik 1 milyon 519 min barrel olub.

Sentyabrda OPEC-ə üzv ölkələrdə neft istehsalı ən çox İran, Venesuela və Əlcəzairdə azalıb. İranda neft istehsalı 150 min barrel azalaraq 3 milyon 447 min barrelə düşüb. Keçən ay Venesuelanın neft hasilatı 42 min barrel geriləyərək sutkada 1 milyon 197 min barrel, Əlcəzairdə isə istehsal 8 min barrel aşağı düşərək gündəlik 1 milyon 49 min barrel olub.

Ötən ay dünyada fəaliyyətə başlayan neft qazma qurğularının sayı 2 min 341 olub və onların 558-i OPEC-ə üzv ölkələrdədir.