Türkmənistan

Türkmənistan Xəzər sahilində ən böyük karbamid zavodunu istifadəyə verdi

Sentyabrın 18-də Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Xəzər dənizi sahilindəki Qaraboğaz şəhərində  (Balkanabad vilayəti) “Qaraboğazkarbamid” gübrə zavodunun açılışında iştirak edib.

Türkmənistan prezidentinin rəsmi saytında verilən məlumata görə, zavodun layihə gücü ildə 1,155 milyon ton azot gübrəsi (gündə 3,5 min ton) istehsal etməkdir. Bu məqsədlə karbamid zavodunun ildə 1 milyard kub metr təbii qaz istehlak etməsi planlaşdırılıb.

“Türkmənistan qazdan daha səmərəli istifadə etmək yolunda uğurlu bir addım atır. Biz artıq öz adımızı iri qaz-kimya ixracatçıları sırasına yazmış oluruq”, deyə Berdımuhamedov açılış mərasimində bildirib.

Zavodda sintetik ammiak və karbamid istehsal edən qurğulardan əlavə, həmçinin qazturbin generator da quraşdırılıb ki, istehsal zamanı əmələ gələn qazlardan elektrik enerjisi hasil edəcək. Burada həmçinin dəniz suyunun şirinləşdirilməsi və təmizlənməsi qurğusu da quraşdırılıb.

Zavodun tikintisi 1,57 milyard dollar başa gəlib. Tikinti “Turkmenkimya” Dövlət Konserni və Yaponiyanın Mitsubisi Corp. və Türkiyənin “Türk Gap Insaat Yatirim ve Dış Ticaret A.Ş.” şirkətlərindən təşkil edilmiş konsorsium arasında imzalanmış müqavilə əsasında həyata keçirilib.

Türkmənistan burada istehsal ediləcək karbamidin əsas hissəsini Türkmənbaşı limanı vasitəsilə dünya bazarlarına ixrac etmək niyyətindədir. Qeyd edək ki, bu yaxınlarda Xəzərin qərb sahilində Sumqayıtda Azərbaycanın gündəlik gücü 2 min ton olacaq karbamid zavodu fəaliyyətə başlamalıdır. Onun məhsullarının da 70%-I xarici bazara üçün nəzərdə tutulub.